“Ölkəmizdə yol nişanlarının quraşdırılması və yol xətlərinin çəkilməsi çox vaxt yalnız yeni asfalt örtüyü salındıqdan sonra yada düşür. Təəssüf ki, bu proses sistemli və davamlı yanaşma əsasında deyil, daha çox epizodik xarakter daşıyır”.
Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev “Yol haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat bildirib ki, regionlara, kənd və qəsəbələrə aparan elə yollar var ki, nə yol nişanları görünür, nə yaşayış məntəqələrinin adları qeyd olunub, nə də istiqamət göstərən lövhələr mövcuddur. Onun sözlərinə görə, sürücü yolu soruşa-soruşa irəliləməyə məcbur qalır, turist isə çox vaxt istiqamətini itirir.
R. Nurullayev qeyd edib ki, xarici ölkələrin təcrübəsinə nəzər saldıqda fərq açıq görünür. Orada xəritə və ya GPS olmadan belə, yol nişanları vasitəsilə rahat hərəkət etmək mümkündür. Hansı istiqamətə dönmək lazım olduğu, neçə kilometrdən sonra hansı yaşayış məntəqəsinə çatılacağı aydın və oxunaqlı lövhələrdə göstərilir. Yol infrastrukturu sürücüyə istiqamət verir, inam yaradır və təhlükəsizliyi təmin edir.
Deputat vurğulayıb ki, Azərbaycanda isə sürücü çox vaxt dönməli olduğu yolu son anda görür və ya ümumiyyətlə görə bilmir. Çünki lazımi nişan və məlumat lövhələri yoxdur. Bu isə həm vaxt itkisinə, həm də yol-nəqliyyat hadisələrinin artmasına səbəb ola bilər. Turist üçün isə belə mənzərə ölkə haqqında mənfi təəssürat formalaşdırır.
R. Nurullayev bir neçə təklif də irəli sürüb. O bildirib ki, yalnız yeni salınan yollar üzrə deyil, mövcud köhnə yollar üzrə də zəruri infrastruktur proqramı təcili şəkildə həyata keçirilməlidir.
Eyni zamanda, bütün yaşayış məntəqələrinin giriş və çıxışlarında ad lövhələrinin quraşdırılması məcburi standart kimi tətbiq olunmalıdır.
Turist marşrutları üzrə yol nişanları beynəlxalq standartlara uyğun, aydın və vizual baxımdan oxunaqlı formada yerləşdirilməlidir.
“Sürücü yolda çaşmamalıdır. Turist istiqamətini itirməməlidir. Vətəndaş öz ölkəsində yolunu soruşmaq məcburiyyətində qalmamalıdır. Yol nişanları lüks deyil – təhlükəsizlik və mədəniyyət göstəricisidir”, – deyə deputat əlavə edib.