Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma müşahidə olunur. Son 10 gündə çox işlənən dərman preparatlarının qiymətində 10-15 faiz bahalaşma qeydə alınıb. Hətta elə dərman vasitələri var ki, 35-40 faizə qədər bahalaşıb. Eyni zamanda, tələbatı yüksək olan dərman preparatları ya tapılmır, ya da şişirdilmiş qiymətlərə satılır.
Yeri gəlmişkən, son illər əhalinin dərman vasitələrinə xərclədiyi vəsaitlərin həcmi sürətlə artır. Bunu statistik göstəricilər də təsdiqləyir. Təkcə bu ilin 3 ayında ölkə vətəndaşları əczaçılıq məhsulları və tibbi ləvazimatlara 342,5 milyon manat pul xərcləyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz çoxdur. Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.
Bəs, görəsən, dərman bazarında bahalaşmaya səbəb nədir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, dərman bazarında müəyyən mənada dövlət nəzarəti həyata keçirilsə də, bu sahədə xaos və kortəbii idarəçilik hökm sürür. Bu vəziyyət dərmanların həm satışına, həm də keyfiyyətinə mənfi təsir göstərir: “Xüsusilə Rusiyadan və Türkiyədən Azərbaycana gətirilən dərmanların olduqca baha qiymətə satılması qeyri-qanuni bir haldır. Bəziləri bu vəziyyəti həmin dərmanların yerli istehsalının olmaması ilə izah etməyə çalışsa da, bu, doğru deyil. Çünki qiymətlərin süni şəkildə artırılması inhisarçılıq və bazardakı subyektiv təsirlərlə bağlıdır. Son illərdə Azərbaycanda bir sıra dərman preparatlarının istehsalı ilə bağlı mühüm addımlar atılıb, müqavilələr imzalanıb və investisiyalar həyata keçirilib. Hökumət tərəfindən verilən sərəncamlarla dərman sənayesinin inkişafı və keçmişdə - sovet dövründə mövcud olmuş istehsal ənənəsinin bərpası istiqamətində müəyyən nəticələr əldə olunub. Bununla belə, dərman bazarında hələ də pərakəndə satış tariflərində ciddi nöqsanlar, sui-istifadə halları və qiymət manipulyasiyaları müşahidə olunur”.
Onun fikrincə, dərman bazarında dövlət nəzarətinin gücləndirilməsinə və bu sahədə rəqabət imkanlarının artırılmasına ehtiyac var: “Bir sıra dərmanların yerli istehsalının təşkili istiqamətində konkret addımlar atılmalıdır. Əks təqdirdə, biz bu xaotik vəziyyətin və süni qiymət artımlarının qarşısını ala bilməyəcəyik”.
Məsələ ilə bağlı sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyib ki, Azərbaycan dərmanla təminat məsələsində 99 faiz idxaldan asılıdır: “Azərbaycan çox vacib, ən sadə və həyati əhəmiyyət daşıyan dərman preparatlarının belə istehsalını qura bilməyib. Hər dəfə müsahibələrimizdə deyirdik ki, günün birində Azərbaycanın dərman təchizatında problem yaşana bilər. Bunun olmaması üçün yeni əczaçılıq zavodlarının inşa olunmasını, bu sahəyə investisiya qoyulmasının vacibliyini qeyd edirdik. Dövlətin bu istiqamətə birbaşa investisiyası olmalıdır”.
Onun sözlərinə görə, problemin bir əsas səbəbi də sahibkarların bioloji aktiv maddələr idxalına daha çox maraq göstərməsidir: “Dərman vasitələrinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşməsi sahibkarları daha çox dərman preparatları deyil, bioloji aktiv əlavələri gətirməyə yönləndirdi. Bioloji aktiv maddələrin Səhiyyə Nazirliyində qeydiyyatı tələb olunmur. Qida Təhlükəsizliyi Agentliyindən uyğunluq sertifikatını alıb istədikləri qiymətə sata bilirlər. Bioloji aktiv maddələrin satışından çox yaxşı gəlir əldə edirlər. Dərman vasitələri idxal etmək isə sərf etmir”.
Mövzu ilə bağlı tibb üzrə ekspert Rasif Bağırov bildirib ki, qiymət artımı bazardakı monopoliya ilə bağlıdır: “Respublikada, təxmini, 4-5 depo var. Sahibkar xaricdən gətirdiyi dərmanın satılması üçün həmin depolara üz tutur. Depolar dərmanı alarkən üzərinə əlavə 20 faizlik dərman pulu qoyur. Bundan başqa, gömrükdə ödənən rüsumlar da dərmanın qiymətinə əlavə olunur. Son olaraq Tarif Şurası da istədiyi qiyməti müəyyən edir. Hətta son vaxtlar qiymətləri artırır ki, bu başadüşülən deyil. Ümumi mənzərə ondan ibarətdir ki, dərman şirkətləri arasında azad rəqabət mühiti yoxdur. Əgər həmin mühit yaradılarsa, qiymətlər də ucuzlaşa bilər”.