"Ərdəbil Həftəsi" çərçivəsində Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə İran İslam Respublikasının Mədəniyyət naziri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və bir sıra xarici ölkələrin təmsilçiləri iştirak ediblər.

Hafta.az-ın yazdığına görə, açılış mərasimindəki çıxışlarda Şeyx Səfiəddin Ərdəbilinin zəngin şəxsiyyətinin müxtəlif məqamlarına toxunulub, Səfəvilər dövlətinin İranın vahidliyinin təmin olunmasındakı müstəsna tarixi rolu və şiəliyin rəsmi din kimi qəbul edilməsindəki xidmətləri xüsusi vurğulanıb. Şeir qiraəti, musiqi töhfələri, habelə Ərdəbil vilayətinin mədəniyyətini, incəsənətini və tətbiqi sənət nümunələrini nümayiş etdirən stendlərin təşkili proqramın maraqlı hissələrindən olub.
Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Milli Məclis təmsilçilərindən ibarət heyət təmsil edib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında Şeyx Səfiəddin Ərdəbilinin ali şəxsiyyətini və Səfəvilər dövrünün bəşəriyyətin, xüsusilə də elmin tərəqqisindəki rolunu yüksək qiymətləndirib. Akademik iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsində ortaq tarixi, mədəni, dini və dil bağlarının mühüm əhəmiyyətini diqqətə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan heyəti İranın mədəniyyət naziri, Ərdəbil valisi və vilayətdən olan deputatlarla görüşlər keçirib. Nümayəndə heyəti həmçinin Şeyx Səfiəddin Ərdəbili Kompleksini, tarixi abidələri, muzeyləri, elmi mərkəzləri, əlyazmalar arxivini və bölgenin görməli yerlərini ziyarət edib.