Elbrus dağında 5 alpinist həlak oldu

11:48 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yerləşən və Avropanın ən yüksək zirvəsinə malik Elbrus dağında şiddətli fırtınaya düşən yeddi bosniyalı alpinistdən beşi həlak olub. Ölən alpinistlərdən ikisinin cəsədləri yerə çatdırılıb, lakin pis hava şəraiti səbəbindən üç nəfərin meyitləri hələ də zirvədə qalır.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, RF Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər əvvəlcə iki alpinisti dağdan təxliyə ediblər və onlara tibbi yardım göstərilib. Daha sonra 5350 metr hündürlükdə daha iki alpinistin cəsədləri tapılıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin regional şöbəsi xilasedicilərin həlak olmuş daha üç alpinistin cəsədlərinin yerini aşkar etdiklərini, lakin pis hava şəraiti səbəbindən meyitlərin hələ də dağın zirvəsində qaldıqlarını bildirib. Regional hüquq-mühafizə orqanları Elbrusda ölən alpinistlərin Bosniya və Herseqovinadan olduqlarını qeyd edib.

Bosniya mediası alpinizm ekspedisiyasının yeddi üzvünün Zenitsa şəhərinin sakinləri olduğunu bildirib.