Uels şahzadəsi Diana ilə vaxtilə işdən kənarda yaxın dostluq münasibəti olduğunu bildirən ingilis jurnalist Piers Morqan “The Crown”da danışılan hekayələrin həqiqəti tam əks etdirmədiyini bildirib.
Hafta.az-ın yazdığına görə, "The Crown" tarixi dram serialının 6-cı mövsümünün ilk bölümü 16 noyabr cümə axşamı günü Netflix-də yayımlanıb. Serialın qalan 6 bölümü dekabrın 14-də tamaşaçıların görüşünə gələcək.
İlk 4 seriya Diananın 31 avqust 1997-ci ildə 36 yaşlı sevgilisi Dodi əl-Fayedlə avtomobil qəzasında ölümünə səbəb olan hadisələri əhatə edir.
Bu mövsüm ekranlarla vidalaşacaq serialda şahzadə Diana obrazını Elizabet Debiçki, Dodi Fayed obrazını isə Xalid Abdalla canlandırır.
Noyabrın 19-da “The Sun”da dərc olunan “The Crown” mələk Diananın pafoslu istismarını göstərir. Amma onun da ikiüzlü şeytan ola biləcəyini bilirəm” başlıqlı məqaləsində Morqan serialdakı hər şeyin həqiqəti əks etdirmədiyini bildirib.
Şahzadə Diana öləndə “Daily Mirror” qəzetinin baş redaktoru olan Morqan deyib ki, qəza onun karyerasında verdiyi ən böyük və ən stresli xəbərdir.
Serialda Dodinin atası, misirli iş adamı Məhəmməd əl-Fayed, Britaniya kral ailəsinə qarşı müharibəsi naminə cütlüyü tələyə salan bir fiqur kimi təsvir edilib. Hətta ekranda belə görünür ki, ata Fayed cütlüyün şəkillərini onların xəbəri olmadan Mario Brenna adlı italyan fotoqrafa sızdırıb.
Lakin Morqanın sözlərinə görə, hadisələr belə baş verməyib. Morqan, “Daily Mirror”a yaxın qəzet olan “Sunday Mirror”un fotoşəkilləri Ceyson Freyzer adlı başqa bir fotoqrafdan aldığını bildirib.
Məlumatın ortaya çıxmasının vacib olduğunu ifadə edən Morqan, "Serialda Diana həm media, həm də Fayed ailəsi tərəfindən istismar edilən mələk fiqur kimi göstərilir" deyib və əlavə edib: "Amma onun ikiüzlü kiçik şeytan olduğunu bilirəm. O, eşq həyatından və mediadan sui-istif“adə etməkdə usta manipulyator idi”.
Diananın da "The Crown"da heç vaxt göstərilməyən iyrənc və ikiüzlü bir xarakterə sahib olduğunu ifadə edən Morqan, şahzadənin mediadan öz gündəminə uyğun istifadə etməyi bacardığını söyləyib.