Dollar almaq istəyənlərə BƏD XƏBƏR

15:58 16.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycanda hər bir vətəndaş 1 il boyu  şəxsiyyət vəsiqəsi təqdim etmək şərtilə maksimum on min dollar ala bilər. Hazırda banklar səviyyəsində tətbiq olunan limitin ləğvi tez-tez gündəmə gələn məsələlərdən biridir.

Hətta ötən il, belə limitin sıfırlandığı və tətbiq edilməyəcəyi söylənsə də vətəndaşlar hələ də dollar alışı zamanı çətinliklərlə üzləşirlər. Nəzərə alsaq ki, Azərbaycan nefti dünya bazarında xeyli yüksək qiymətlə satılır. Deməli ölkəyə dollar axınında da artım yaşanır. Bəs görəsən belə bir vəziyyətdə vətəndaşlara dollar alışında limit tətbiq edilməsi nə qədər doğrudur? Mövcud vəziyyətlə bağlı sahibkarlar hansı çətinliklərlə üzləşirlər?

Hafta.az məsələ ilə əlqədar yaranmış sualları mütəxəssislərə ünvanladı.

İlk olaraq bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, ümumiyyətlə dollar limitinin olması tam qanunsuzdur. İndiyə kimi heç bir dövlət orqanı bu limiti tətbiq etdiyini boynuna almayıb:

“Deyirlər ki, guya banklar özləri bunu müəyyənləşdiriblər. Bütün hallarda məsələ qanunaziddir və panikanın yaranmasına səbəb olur. Xüsusilə indiki dövrdə, dollar gəlirlərinin artdığı bir vaxtda niyə belə limit müəyyən olunub, başa düşülən deyil. Buna görə də həmin limit ləğv olunmalıdır”.

İqtisadi məsələlər üzrə ekspert Emin Qəribli isə hesab edir ki, dollar limitinin ləğvi məsələsinə 2023-cü ildən sonra yenidən baxılacaq:

“Hazırda ölkə üzrə vətəndaşlara dollar alışında limit tətbiq edilib. Neftin qiyməti artdığından ölkədə dollar qıtlığı yoxdur. Lakin, postpandemiya  dövrü ilə bağlı olaraq qiymətlərdə kəskin eniş və qalxış müşahidə edilir. Buna görə, fikrimcə dollar limitinə 2023-cü ildə yenidən baxıla bilər. Mütəxəssislər deyirlər ki, 2023-cü ilin birinci yarısında biz artıq pandemiyadan əvvəlki dövrə qayıdacağıq. Bu zaman da stabillik yaranacaq. Daha sonra dollar limitinin ləğvindən danışmaq olar. İqtisadiyyatımız şaxələndikcə dollar problemi həll olunacaq. Çünki təkcə neftin bahalaşması limitin aradan götürülməsinə tutarlı səbəb deyil. Axı həm də, ölkəyə idxal edilən məhsulların da qiyməti qalxıb. Üstəlik belə məhdudiyyət əksər dünya ölkələrində də var”.

Ekspertin sözlərinə görə, alverçilərə dollar limiti tətbiq etmək çox doğru qərardır:

“Təbii ki, dollar limiti ilə bağlı sahibkarlar bir sıra çətinliklər yaşayırlar. Ancaq biz burada sahibkar dedikdə ticarət və kommersiya ilə məşğul olan şəxsi deyil, istehsal edəni nəzərdə tuturuq. Onlara dəstək olmaq lazımdır. Tutaq ki, vətəndaş Çindən dollarla məhsul alıb, ölkədə onun satışını həyata keçirmək niyyətindədir. Axı bu hal, iqtisadi təhlükəsizliyə mənfi təsir göstərir. Ölkədən külli miqdarda dollar çıxır. Dollar da neftin hesabına başa gəlir. Ona görə də dollar limiti bəzi hallarda tətbiq edilməlidir. Ancaq istehsalatla məşğul olan sahibkarlar üçün dollar alışına şərait yaradılmalıdır”.

Oxunma sayı 35659