Dünyada balıq ehtiyatları sürətlə azalır

13:45 22.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünyada balıq ehtiyatlarının sürətlə azalması proqnozlaşdırılır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar ixtisaslaşmış qurumların “Dəniz ekosistemləri və balıqçılıq üçün iqlim dəyişikliyi riskləri: 2100-cü ilə qədər proqnozlar” adlı illik hesabatında qeyd olunur. Mütəxəssislərin fikrincə, qlobal istiləşmə regiondan və temperaturun yüksəlməsindən asılı olaraq əsrin sonuna qədər dünya okeanlarında balıq ehtiyatlarını və biokütləni 10-40 faiz azaldacaq. Hesabat müəlliflərindən biri Tarub Bahrinin sözlərinə görə, ilk dəfə olaraq qlobal proqnoz verməyə imkan verən geniş məlumatlar toplanıb və təhlil edilib: “Biz müxtəlif mənbələrindən alınan məlumatları müqayisə və təhlil etdik, bu da ən dəqiq proqnozlar çıxarmağa imkan verdi”.

Tədqiqata görə, 178 ölkədə əsrin sonuna qədər balıq ehtiyatının 10 faiz, yüksək emissiya şəraitində isə 48-dən çox ölkədə 30 faizə qədər azalacağı proqnozlaşdırılır.

Bahri qeyd edib ki, ərazi faktoruna görə itkilərin səviyyəsi hər bir ölkədə çox fərqli ola bilər. Balıq ehtiyatlarının ən çox azalması riski Çin, Hindistan, İndoneziya, Peru kimi ölkələrdə mövcuddur (37 faizə qədər). Buraya Rusiya və ABŞ də daxildir.

Qeyd edək ki, hazırda dünyada 23 min balıq növü mövcuddur. Onlardan 120-yə qədəri Xəzər dənizində yaşayır. Dənizin Azərbaycan sektorunda isə 80-ə qədər balıq növü var. Növlərin sayı az olmaqla bərabər, əksər hissəsi endemikdir, yəni yalnız Xəzər dənizində yaşayır . Dünyanın bir parçası olan Azərbaycan da təəssüf ki, həmin mənfi tendensiyadan kənarda qalmayıb. Xəzər dənizinin hazırkı vəziyyəti onu göstərir ki, dəniz 30-40 il əvvəlki dövrdə olduğu kimi deyil. Hazırda dənizdə o qədər balıq ehtiyatı daha yoxdur. Xəzər dənizindəki balıq ehtiyatları 10-15 il bundan əvvəllə müqayisədə on dəfələrlə azalıb. Adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının azaldığı müşahidə edilir. Mütəxəssislər Xəzər dənizinin balıq ehtiyatlarının azalmasının bir neçə səbəbi olduğunu deyirlər. Bildirilir ki, iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin nəinki Azərbaycan sektorunda, ümumiyyətlə, bütün Xəzər dənizi akvatoriyasında suyun temperaturu həm üst, həm də orta təbəqədə 4-5 dərəcə artıb. Nisbətən konservativ və dəyişilməz, dibə yaxın olan təbəqə sulfur təbəqəsidir. Suyun temperaturunun bu cür qalxması zooplanktonları yandırır. Bir tərəfdən yayda günəşin şüalanması da artır. Onların azalması zooplanktonla qidalanan xırda balıqların populyasiyalarının, əsasən də kilkələrin sayının azalmasına səbəb olub. Çünki kilkələr Xəzər ixtiofaunasının təxminən 60 faizini təşkil edir. Xırda balıqlarla qidalanan digər balıqlar, yəni yırtıcı balıqlar – nərə balığı, qızılbalıq, siyənəkkimilərin ehtiyatları on dəfələrlə azalıb. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,5 metr enib. Son illərdə Kürün axar həcmi 40-50 faiz azalıb. Volqa çayında da həmin proses müşahidə olunmaqdadır. Belə vəziyyətdə balıqlar çaya girib kürü tökə, çoxala bilmirlər. Bu, yaxın illərdə bəzi balıqların yox olmasına da səbəb ola bilər.

Yeri gəlmişkən, təkcə ötən il Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələri su hövzələrinə buraxılıb. Son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb. Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsi göstərilir. Akvakulturada suyun səmərəli istifadəsi, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir. Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə "Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" hazırlanıb.Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun fikrincə, milyon illər boyunca Xəzər dənizi sularında adaptasiya olunmuş çox qiymətli balıq növləri olub. Onlardan bəziləri bu gün də orada yaşayır:”Xəzər dənizi kifayət qədər böyük su hövzəsidir. Ona görə də onun şimal və cənubu arasında temperatur fərqi təxminən 10 dərəcəyə çatır. Orta temperatur 25-26 dərəcədir. Cənuba nisbətən şimalda suyun temperaturu daha az olur. Yəni Xəzər dənizində suyunun temperaturunu bir rəqəmlə ifadə etmək mümkün deyil. Milyon illər boyunca Xəzər dənizi sularında adaptasiya olunmuş çox qiymətli balıq növləri olub. Onlardan bəziləri bu gün də orada yaşayır. Lakin iqlimin bu cür istiləşməsi onların yaşayış mühitinə çox ciddi təsir edir. Çünki iqlim istiləşdikcə, suda həll olmuş oksigenin miqdarı azalır. Bu isə balıqların boğulmasına və daha çox öz yerlərini dəyişməsinə səbəb olur. Məsələn, son 10 illikdə balıqların daha çox şimal istiqamətində yer dəyişməsi müşahidə olunub. Bu, suyun temperatur ilə bağlıdır. Digər yandan da şimal istiqamətində dəniz səviyyəsi kəskin şəkildə aşağı düşür. Bu da başqa bir faktor kimi balıqların yaşam tərzinə təsir edir”.

Onun sözlərinə görə, Xəzərdə yaşayan balıqlar əsasən keçici balıqlardır və onlar kürü tökmək üçün çaylara keçirlər: “Həm çaylarda suyun azalması, həm dənizin səviyyəsinin aşağı düşməsi balıqlara təsir edir. Ümumiyyətlə, dəniz-çay əlaqələri zəifləyib. Xəzər dənizində balıq ehtiyatları sürətlə tükənir. Vaxtilə Azərbaycanda il ərzində təkcə 6-7 min ton nərə balığı, qara kürü istehsal olunurdu, bu gün o istehsal yoxdur. Azərbaycan özünün əsas ənənəvi gəlir mənbələrindən birini tədricən itirməkdədir. Bu bir həyəcan siqnaldır. Digər tərəfdən Xəzərin ekosisteminə çirklənmə təsir edir. Xəzər hövzəsində yerləşən iri şəhərlərdə mövcud kanalizasiya şəbəkələri ya yoxdur, ya da yetərsiz işləyirlər. Bu da Xəzərin çirklənməsinə səbəb olur. Xülasə Xəzər dənizində balıq resurslarının tükənməsinə çox sayılı amillər təsir edir. Çox təəssüflər olsun ki, bir ölkə ilə bu problemi həll etmək olmaz. Bu istiqamətdə görülən addımlar da çoxistiqamətli olmalıdır. Ölkələr bir araya gəlib, Xəzərin sağlamlaşdırılması planı üzərində əsaslı olaraq işləməlidirlər”.

Balıqçılar İttifaqının sədri Əfqan Əliyev isə hesab edir ki, son illər Azərbaycanda balıq ehtiyatı artmağa başlayıb. Onun sözlərinə görə, artımın səbəbi bu sahəyə diqqət ayrılmasıdır: “Son illər qanunsuz balıq ovu ilə mübarizə və balığın populyasiyası zamanı qadağalara əməl olunmasına görə, Xəzərin Azərbaycan sektorunda və daxili su hövzələrində az da olsa artım müşahidə olunur. Balıq yetişdirilməsi sahəsində artımın olmasını sənaye və həvəskar balıqçılardan da öyrənirik. Hər iki sahədə balığın sayı artıb. Son illər balıqçılıq sahəsinə müəyyən diqqət göstərilir. İllərdir insanları təşviq edirik, daxili su hövzələrinə balıq körpələri buraxırıq. Keçən il ilk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq. Bu sahədə imkanlarımız çox genişdir, amma nəzərə alınmalı məqamlar var. Ümumi götürdükdə ziyad, sazan kimi balıqların populyasiyasının çoxaldılması üçün ən əlverişli ərazi Xəzərin Azərbaycanın cənub hissəsinə düşən bölgəsidir. Qanunsuz balıq ovu ilə mübarizə, artım dövründə qadağalara yenidən baxılması çox vacibdir. Çünki bu, ölkəmizdə əsasən sovet dönəmindən qalma qadağalardır. Bir neçə ildir havaların isti keçməsi ilə əlaqədar balıqların populyasiya vaxtı ilin əvvəlinə doğru dəyişib. Əvvəl kürütökmə dövrü aprel, may, iyun aylarına təsadüf edirdi. İndi mart, aprel ayına düşür. Bu səbəbdən qadağaların da vaxtı dəyişdirilməlidir”.

Ə.Əliyev vurğulayıb ki, balıqçılığın inkişaf etməsini istəyiriksə, bu sahə hansısa qurumun tərkibində olmalıdır: “Balığa maraq çoxdur, amma balıqçılığa diqqət böyük deyil. Yəqin ki, gec-tez Azərbaycanda balıqçılığa aid dövlət qurumu yaradılacaq. Hazırda balıqçılığın inkişaf etdirilməsini heç bir nazirlik öhdəsinə götürmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tam diqqət ayıra bilmir. Balıqçılığı inkişaf etdirsək, həm nərə, həm ziyad kimi balıq növlərini ixrac edə bilərik”.