“Bitcoin”nin qiyməti ABŞ-dakı prezident seçkilərinin nəticəsindən sonra özünü göstərməyə başlayıb. Kriptovalyutanın birdən-birə fantastik dəyərə minməsi əsasən dünya bazarlarında, fond birjalarında qeyri-müəyyən vəziyyətlə əlaqədardır. Fikir versəniz, son dövrlərdə qızıl da bahalaşmağa doğru gedir. Qızıl adətən nə vaxt bahalaşır, dünya iqtisadiyyatında sabitlik pozulanda, qeyri-müəyyən vəziyyət ortaya çıxanda”.
Bunu Hafta.az-a açıqlamasında son günlər “Bitcoin”nin rekord səviyyədə bahalaşmasına münasibət bildirərkən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, dünya bazarındakı qeyri-müəyyənlik hələ bir müddət davam edəcək: “Gələn ilin yanvarın 20-dən artıq Tramp hakimiyyəti fəaliyyətə başlayacaq. Bu adamın hansı siyasəti yürüdəcəyi tam dəqiqliklə müəyyən olunana qədər “Bitcoin” də, qızıl da bazarda rekord qırmağa davam edəcək. Təxminən dünya bazarında vəziyyət gələn ilin martın əvvəlində durulmağa başlayacaq”.
Qeyd edək ki, Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Ölkəmizdə virtual aktivlərin həcmi isə 2023-cü ildə 4,4 milyard dollara bərabər olub. Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir. Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu olub. Siyahıya 130 mlrd. dollarla Türkiyə başçılıq edir.