Sudan Səhiyyə Nazirliyindəki mənbə dünən verdiyi açıqlamada, bir ildən artıqdır Çevik Dəstək Qüvvələri (RAF) tərəfindən mühasirədə olan Darfurun Əl-Fəşir şəhərində son bir həftə ərzində ən azı 63 nəfərin qida çatışmazlığından öldüyünü açıqlayıb.
Hafta.az-ın yazdığına görə, AFP yerli mənbələrə istinadən bildirib verir ki, “Əl-Fəşirdə avqustun 3-dən 10-a qədər qida çatışmazlığından ölənlərin sayı 63-ə çatıb, onların çoxu qadın və uşaqlardır”. Mənbə bu rəqəmin "xəstəxanalara çata bilənlərlə məhdudlaşdığını və bir çoxunun zorakılıq səbəbindən xəstəxanalara çata bilməyəcəyini" qeyd edərək, "Kimsə evdə ölürsə, dərhal dəfn edilir" deyib.
İki ildən artıqdır ki, orduya qarşı döyüşən RFA 2024-cü ilin mayından Əl-Fəşiri mühasirədə saxlayır. Bu, Darfur bölgəsində ordunun nəzarəti altında olan yeganə böyük şəhərdir.
RAF-ın apreldə Əl-Fəşirin kənarındakı məcburi köçkünlər üçün Zəmzəm düşərgəsinə həyata keçirdiyi şiddətli hücum on minlərlə insanın şəhərə qaçmasına səbəb olub.
Darfur əhalisinin böyük hissəsi sakinləri yeməklə təmin etmək üçün ictimai mətbəxlərdən istifadə edir. Bu mətbəxlər də ciddi resurs məhdudiyyətləri ilə üzləşirlər.
AFP-nin məlumatına görə, Əl-Fəşirdə mətbəx müdiri olan Məqdi Yusuf deyib: “Altı ay əvvəl gündə iki dəfə yemək verirdik, indi isə yalnız bir dəfə”.

BMT-nin məlumatlarına görə, Əl-Fəşirdə beş yaşınadək uşaqların 40 faizi doyunca qidalanmır, onların 11 faizi isə kəskin qida çatışmazlığından əziyyət çəkir.
Sudanda yardımın paylanması maliyyə çatışmazlığı, zorakılıq və yardım işçilərinin hədəfə alınması səbəbindən ciddi problemlərlə üzləşir. Avqustda pik həddinə çatan yağışlar bəzi yolları da bağlayır.
Qeyd edək ki, 2023-cü ilin aprelində Sudanda Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi ordu ilə onun keçmiş müavini olmuş Məhəmməd Həmdan Dağalunun (Hamideti) rəhbərlik etdiyi RAF arasında müharibə başlayıb. BMT-nin "dünyanın ən pis aclıq və köçkünlük böhranı" olaraq xarakterizə etdiyi bu hadisədə on minlərlə insan həyatını itirib və ən azı 13 milyon insan didərgin düşüb.