Əlcəzair qlobal su qıtlığına qarşı mübarizəni gücləndirir

13:30 20.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qlobal miqyasda davam edən iqlim dəyişməsi, yəni havaların sürətlə istiləşməsi bütün dünyada olduğu kimi, Əlcəzairdə də içməliu su probleminə yol aça bilər. 

Hafta.az-ın yazdığına görə, bu il Əlcəzairdə qışın başlaması müstəsna olub, yağıntıların azalması və son aylar temperaturun davamlı yüksəlməsi narahatlığı artırır. Vəziyyət ölkənin böyük şəhərlərinin ehtiyaclarını ödəyən anbarlarda suyun səviyyəsinə mənfi təsir göstərir. Odur ki, dövlət bir sıra önləyici tədbirlər almağa başlayıb.

Qeyd edək ki, yağışların azalması və su qıtlığı xüsusilə aqrar sahədəki fermerlərə çətinlik yaradır. Nəzərə alaq ki, bu gün Əlcəzair məhz kəndlərdə fermerlərin istehsal etdikləri qida məhsulları sayəsində ən azı 10 milyard dollarlıq idxaldan qurtula bilib. 

Rəsmi hesabatlar göstərir ki, bəndlərin su səviyyəsində əhəmiyyətli dərəcədə azalma müşahidə olunur və ölkə səviyyəsində anbarların doluluq həcmi 33 faizi keçməyib. Hətta bəzi böyük bəndlərdə bu nisbət yüzdə 10-dan aşağı düşüb. Hansı ki, normal şəraitdə qış mövsümünün ilk yarısında bəndlərin təbii doluluq səviyyəsi 55-60 faiz ətrafında olmalıdır.

Bu arada, Əlcəzair parlamentində “Əlcəzairdə su ehtiyatlarının gələcəyi” mövzusunda iclas keçirilib.

Təqdim olunan təkliflər arasında yeni bəndlərin tikintisi, eləcə də anbarları yeni su qaynağı ilə birləşdirəcək xətlərin tikintisini nəzərdə tutan layihələrin tamamlanmasını sürətləndirmək üçün bütün mümkün vasitələrin aktivləşdirilməsi də var.

Parlamentin iclasında iştirakçılar tövsiyə ediblər ki, mövcud su ehtiyyatını qorumaq, qurğuların bərpası, suyu israf edən amillərin aradan qaldırılması, sızması olan bəndlərin toplanma qabiliyyətinə təsir edəcək nasazlıqların aradan qaldırılması və reabilitasiyası kimi təşəbbüslərlə həyata keçirilməlidir. İştirakçılar həmçinin böyük həcmdə suyun bərpası və kənd təsərrüfatının suvarma kanallarına və qeyri-istehlakçı sənaye istifadəsinə yenidən vurulması üçün tullantı sularının təmizlənməsi mərkəzləri şəbəkəsinin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Əlcəzair Nazirlər Şurasının son iclasında da əsas gündəm su böhranı və yağışın azlığı olub.

Ölkənin su təsərrüfatına dair yeni siyasətin qəbul edilməsi və yeraltı su sərvətlərinin qorunması məqsədilə su ehtiyatları, kənd təsərrüfatı, sənaye və ətraf mühitin xeyrinə təcili səfərbərlik planı hazırlanıb. Əlcəzair Hökuməti bütün dayandırılmış çirkab su təmizləyici qurğu layihələrini yenidən aktivləşdirmək və onları kənd təsərrüfatı suvarmasında qrunt sularının əvəzi kimi işlətmək qərarına gəlib.

Səlahiyyətlilər dünyanın keçdiyi sərt iqlim şəraitinin mənfi təsirlərindən qaçmaq üçün dəniz suyunu şirinləşdirən zavodlarını bütün sahil xətti boyunca genişləndirmək planı yaratmaq qərarına gəliblər. 

İctimai işlər, irriqasiya və əsas qurğular naziri Lahdar Rahruh bildirib ki, dövlət orqanları xüsusilə dəniz suyunun şirinləşdirilməsi variantını qəbul etməklə su böhranının nəticələrinin aradan qaldırılmasına böyük əhəmiyyət verirlər.

Hədəfin dəniz suyunu duzsuzlaşdırmaqla əhalinin suya olan tələbatının 80 faizinin təmini olduğunu qeyd edən Rahruh bu ictimai xidmətin müxtəlif bölgələrdə bütün vətəndaşlara təqdim ediləcəyini bildirib. Rahruh, hər il istismar edilən yeraltı suların faktiki həcmini öyrənmək üçün hərtərəfli milli araşdırmaya başladığını bildirib.

Qeyd edib ki, yeraltı su ehtiyatlarından səmərəli istifadəyə və onların gələcək nəsillər üçün mühafizəsinə zəmanət verən səmərəli yol xəritəsinin hazırlanması istiqamətində işlərə başlanılıb və bu bütün quyuların milli inventarını aparmaq vəzifəsi Milli Suvarma Texniki Nəzarəti Agentliyinə tapşırılıb.

Əlcəzair ənənəvi su ehtiyatlarına, əsasən yerüstü və yeraltı sulara, ölkənin cənubunda qapalı hövzələrə və səhra hövzələrinə malikdir. Digər su mənbəyi isə kənd təsərrüfatı ehtiyaclarını ödəmək və içməli su ilə təmin etmək üçün ölkənin şimal bölgələrindəki sulu təbəqələrdir.

Rəsmi statistikaya görə, əlcəzairlilər ildə 3,6-4 milyard kubmetr su istehlak edirlər. Bunun 30 faizi bəndlərdən, qalanı isə quyulardan və dəniz suyunu şirinləşdirən qurğulardan əldə edilir.

Milli Xalq Məclisinin üzvü Yusuf Berşid deyib ki, Əlcəzairdə mümkün quraqlıq və su qıtlığının vətəndaşlara təsiri ilə bağlı dərin araşdırmalar aparan mərkəzlər yoxdur və yalnız şərti həll yollarına güvənilir. "Ölkənin düşdüyü quraqlıq böhranının səbəblərini aradan qaldırmaq üçün siyasi iradə olsa da, bulazımi səmərəliliyi təmin edən elmi məlumatlara və araşdırmalara əsaslanmır. Cənub bölgələrində bir çox vahə səhralaşma və su qıtlığı səbəbiylə yox olmaq üzrədir. Əlcəzairdə yaşanan quraqlıq böhranının kənd təsərrüfatı istehsalına böyük təsir göstərəcəyi qaçılmazdır", - millət vəkili deyib.

Qeyd edək ki, son illər, xüsusilə yay aylarında Əlcəzairi bürüyən quraqlıq ciddi su böhranı yaradır. Məhz 2021-ci ildə Su Təsərrüfatı Nazirliyi ölkənin şimal və mərkəzi rayonlarının ən azı 10 şəhərində içməli su təchizatında böhran olduğunu etiraf etmişdi.

Əlcəzairin iqlim strategiyasını rəsmiləşdirmək üçün Almaniya Beynəlxalq Əməkdaşlıq İnstitutunun (GIZ) dəstəyi ilə “Milli İqlim Planı” hazırlanıb.  Planın ən mühüm məqsədləri su ehtiyatlarının qorunmasına diqqəti artırmaq, daşqınlara qarşı mübarizə, sahilləri qorumaq, quraqlıq və səhralaşma ilə mübarizə, ekosistemlərin və kənd təsərrüfatının iqlim dəyişikliyinə davamlılığını artırmaqdır.