Əlcəzairdə Amazig-Bərbərlər 2973-cü ili bayram edirlər

16:18 13.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzairdə yaşayan Şimali Afrikanın ən böyük və köklü xalqlarından olan Amazig-Bərbərlər yerli təqvimə görə 2973 yaşını qeyd edirlər.

Hafta.az-ın aawsat-a istinadən yazır ki, rəvayətə görə, Amazig-Bərbərlər 12 yanvar tarixini Yeni İl günü (Yennayer) kimi, Bərbər kralı Şişnakın Misir fironu II Ramzes üzərində qələbə qazandığı gün hesab edirlər.

12 yanvarın dövlət bayramı olduğu Əlcəzairdə Amazig-Berbers Yennayer tədbirləri çərçivəsində ölkə daxilində müxtəlif proqramlar təşkil edilib. Paytaxt Əlcəzairin şərqindəki Bumerdas şəhərinin Ammal qəsəbəsində qurulan yarmarkada Amazig-Bərbərlərin əsrlər boyu mədəni irsini yaşadan yeməklər, geyimlər və əl işindən ibarət məhsullar sərgilənib.

Tədbir çərçivəsində küçəboyu kortej yürüşü təşkil olunub. Yürüş zamanı uşaqlar əllərində Əlcəzair və Amazig-Bərbər bayraqları daşıyıblar. Kortecin önündə ənənəvi geyimli atlı gənclər, arxasında isə ənənəvi musiqi ifa edən yaşlılardan ibarət komanda gedib.

Yürüşdən sonra meydanda qurulan səhnədə uşaqlar müxtəlif şoular nümayiş etdirərkən, qəsəbənin tanınmış simaları izdiham qarşısında çıxış edərək günün məna və əhəmiyyətindən söz açıblar.

Araşdırmaçı Əli Həmidi Yennayerin 2973 ildir qeyd olunduğuna diqqət çəkərək, əlcəzairlilərin fransız müstəmləkəçiliyi dövründə gizli şəkildə Amazig - Yeni ilini qeyd etməyə çalışdıqlarını bildirib.

Kral Şişnakla Misir fironu II Ramzesin Amazig-Bərbər mifologiyasına görə mübarizəsini xatırladan Həmidi, Amazig-Bərbər xalqının bu mədəni irsi gələcəyə daşımağa davam edəcəyini bildirib. Amazig-Bərbər xalqının xüsusi adətləri olduğunu və “kuskus” kimi bənzərsiz yeməklər hazırladığını izah edən Həmidi, Yennayerin 3 gün davam edəcəyini bildirib.

Ammal Şəhər Bələdiyyəsinin sədri Fatih Keyiş də bildirib ki, Yennayer şəhərdə hər il böyük coşqu ilə qeyd olunur. Bələdiyyə olaraq bu günə xüsusi hazırlıqlar görüldüyünü vurğulayan Keyiş, bu çərçivədə şəhər meydanında qurulan yarmarkada Amazig-Bərbər mədəniyyətinə xas geyim və əl işlərinin sərgiləndiyini nəzərə çatdırıb.

Qeyd edək ki, Amaziglər Şimali Afrikada, xüsusən Əlcəzair, Mərakeş, Tunis, Misir və Liviyanın bəzi bölgələrində yaşayan ən qədim xalqlardan biridir.

Amaziglərin Yeni il şənlikləri şənbə gecəsinə qədər davam edəcək.

Xatırladaq ki, Amazig-Bərbərlər Əlcəzairin 45 milyon əhalisinin təxminən 30 faizini təşkil edir. Əlcəzair hökuməti 2011-ci ildə Amazig-Bərbər dilini rəsmi dil elan edib, 2018-ci ildən başlayaraq isə Amazig Yeni il gecəsi ilə əlaqədar 12 yanvar tarixi bayram günü kimi qeyd olunur.