Ərdoğan İlham Əliyevlə danışıqların DETALLARINI AÇIQLADI

11:15 27.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Füzuli və Zəngilana səfərindən sonra Türkiyəyə qayıdan prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.

Hafta.az-ın yazdığına görə, cənab Ərdoğan bildirib ki, hazırda bölgədə böyük dəyişikliklər yaşanır, Füzuli hava limanı açıldı, yollar tikilib və tikilir, infrastruktur yaradılır, şəhərlər, qəsəbələr salınır və sair. Bütün bu proseslərdə Türkiyənin də böyük töhfələri var. İndi isə Zəngəzur dəhlizinin açılmasına cəhd olunur və bütün bu proseslər Türkiyəyə də öz təsirini mütləq göstərəcək.

“Qardaş Azərbaycanı son dəfə iyun ayında ziyarət etmişdim. İlham qardaşımla Şuşadan sonra bu dəfə də işğaldan qurtarılmış Füzulidə və Zəngilanda bir araya gəldik. Ziyarətim zamanı işğaldan qurtarılmış torpaqlarda tikinti və yenidənqurma işləri ilə tanış olduq. Bölgədəki iqtisadi potensialın canlandırılması, nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər bizi çox sevindirdi. Azərbaycanın uğurlarıyla, ən azından azərbaycanlı qardaşlarımız qədər biz də fəxr edirik. Türkiyə dövləti olaraq, bu layihələrin tərkib hissəsi olduğumuz üçün qürur duyuruq”,- prezident Ərdoğan deyib.

"Hazırda infrastruktur və əsaslı tikinti işlərində Türkiyə firmaları çox ciddi işlər görür və gələcək layihələrdə də çalışacaqlarını düşünürəm. Çünki buna çox böyük zərurət var. Gördüyünüz kimi, təyyarəmizin endiyi və açılışını etdiyimiz Füzuli hava limanının tikintisində 12 türk şirkəti azərbaycanlı qardaşlarıyla birlikdə iştirak ediblər. Birliyin nəticəsi isə o oldu ki, 8 ay kimi çox qısa müddətdə bu böyük hava limanı tikilərək istifadəyə verilib. Hazıra daha iki hava limanının tikintisi davam edir. Onların da sürətlə tikilərək 1 il ərzində başa çatdırılması və istifadəyə verilməsi planlaşdırılıb” deyən dövlət başçısı əlavə edib ki, ağıllı kənd layihələrində də hazırda Türkiyə və Azərbaycan birliyi daxilində ciddi işlər görülməkdədir.

Prezident Ərdoğan deyib ki, bununla birlikdə, heyvandarlıq sektorunun yaradılması istiqamətində də iri layihələr reallaşdırılır ki, bunlardan bəzilərini ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər. “Ən əsası odur ki, bir tərəfdən minaların təmizlənməsi işləri aparılır, ərazilər partlayıcılardan təmizlənir və vaxt itirmədən, payız mövsümünün fürsətlərindən istifadə edərək bəzi sahələr əkilir. İstər Azərbaycan, istərsə də Türkiyə şirkətləri hazırda minalardan təmizlənmiş ərazilərdə qazan-qazan prinsipinə əsaslanaraq əkinçilik və maldarlıq sahələrini inkişaf etdirməklə məşuldurlar. Qısa vaxtda ən azı 5 mindən 10 min başadək anqus növündən hayvanın azad olunmuş ərazilərə gətirilərək heyvandarlıq sektorunda ciddi inkişafa nail olmaq hədəflənib. Bununla da, xüsusilə qardaş Azərbaycan dövlətinin xaricdən ət idxalını minimuma endirəcəyimizə inanıram. Bütün bunlar göstərir ki, ən yaxın zamanlarda kənd təsərrüfatında və heyvandarlıqda çox ciddi sıçrayış əldə olunacaq", - prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı Ermənistanla qalıcı sülh danışıqlarından, İranın bölgədə sərgilədiyi təxribatçı siyasətə də mövqeyini bildirib. Deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələləri müzakirə edib. “İlham bəy qərarlı və konkret mövqeyə sahibdir və öz mövqeyində qətiyyən güzəştə getməyəcək. O, mənə dedi ki, Azərbaycanın İsrailə məsələsində hər hansı güzəştə getməsi kimi bir fikri yoxdur. Bildirdi ki, Azərbaycan İsraillə bütün sahələrdə əməkdaşlıq edir və edəcək. Digər ölkələrlə münasibətləri necə inkişaf etdirirlərsə, işğaldan azad edilmiş bölgələrdə də eyni şəkildə əlaqələr qurmaqdadırlar. Bu məsələlərdə ölkələr bir-birilərinin qərar mexanizmlərinə təzyiq göstərməməlidir və göstərə də bilməz. İstəyimiz odur ki, İran da burada ağıllı siyasət yürüdərək, hərəkət və davranışlarını ölçüb-biçsin. Bu halda İranla Azərbaycan arasında hər hansı problem yaşanmayacaq", - cənab Ərdoğan deyib.

Prezident Ərdoğan hazırda dünya mətbuatının gündəmini zəbt edən, 10 səfirin Türkiyənin daxili işlərinə qarışmaq cəhdilə bəyanatla çıxış etməsi məsələsindən də söz açıb. O, səfirlərin son anda geri addım atmalarına sərt reaksiya verən CXP İstanbul millət vəkili olan Ünal Çeviközlə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə aralarında olan söhbətdən sitat gətirib. “Bunlardan biri keçmişdə Bakıda səfir olub, indi CXP-nin siyasətçisidir. İlham qardaşımla danışanda o, “Mən bu adamı bir də qapımdan içəri buraxmaram” dedi. Çünki Azərbaycana da xəyanət edib. Sən öncə səfir olduğun ölkənin siyasətinə sayğılı olmağı öyrən", - dövlət başçısı qeyd edib.

Bu arada, suallara əsasən, prezident Ərdoğan Füzuli səfərindən qısa vaxt sonra Romada və ardıyla Qlazqoda ABŞ prezidenti ilə keçirəcəyi görüşlərə də toxunub. Bildirib ki, bu səfərlərin gündəliklərində dəyişikliklərin olacağı qaçılmazdır. Çox güman ki, Baydenlə Romada deyil, Qlazqoda görüşəcək. Nədən danışacaqlar – çox məsələ var gündəlikdə, əlbəttə ki, ən vaciblərindən biri də “F-35” və Ankara tərəfindən ödənilmiş 1,4 milyard dolların geri qaytarılması məsələsidir.