Faunamızı necə xilas edək?

11:47 22.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi Yer kürəsində yaşayan canlıların sayına əhəmiyyətli dərəcədə təsir göstərib. Məsələn, müşahidələr göstərir ki, hazırda dünyada köçəri yaşayan vəhşi heyvan növlərinin 44 faizinin populyasiyası azalır və hər beş növdən biri yoxolma təhlükəsi altındadır. Bu narahatedici tendensiyaları köçəri yaşayan heyvanların vəziyyəti ilə bağlı ilk araşdırmanın nəticələri sübut edir.

Yeri gəlmişkən, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən köçəri yaşayan vəhşi heyvan növlərinin qorunması haqqında Konvensiyanın tələblərinə uyğun olaraq xüsusi hesabat hazırlanıb. Həmin nəşrdə vurgulanır ki, hazırda xüsusilə balıqlarla bağlı vəziyyət narahatlıq doğurur. Konvensiyanın siyahısına daxil edilmiş, demək olar ki, bütün balıq növləri (97 faiz) təhlükə altındadır. Bütün dünyada, o cümlədən siyahıya daxil olmayanlar, köçəri yaşayan heyvan növlərinin yoxolma riski artır. Köçəri yaşayan heyvanlar üçün vacib olaraq müəyyən olunmuş əsas biomüxtəliflik sahələrinin yarısı (51 faiz) qoruma statusuna malik deyil, nəzarət edilən ərazilərin 58 faizi isə insan fəaliyyətinin təsiri altındadır. Belə ki, bu canlılar həddindən artıq istismar və insan fəaliyyətinə görə yaşayış yerlərinin itirirlər. Dörd növdən üçü yaşayış mühitinin itirilməsi, deqradasiya və parçalanmadan, on növdən yeddisi həddindən artıq istismardan əziyyət çəkir. Bütün dünyada nəsli kəsilmək təhdidi olan və ya yoxolma təhlükəsi ilə üzləşən 399 köçəri yaşayan heyvan növü hazırda Konvensiya siyahısına daxil edilməyib.

“Bugünkü hesabat bizə açıq şəkildə göstərir ki, məsuliyyətsiz insan fəaliyyəti köçəri yaşayan heyvanlar növlərinin gələcəyini təhlükə altına qoyur. Əldə edilən nəticələr ətraf mühitdəki dəyişikliklərin miqyasını göstərir. UNEP rəhbərinin sözlərinə görə, bu məlumat planetimizin ekosistemlərinin qorunması üzrə tədbirlərin görülməsi üçün lazımdır. "Bu heyvanların bir çoxu üçün vəziyyəti nəzərə alaraq, ləng davrana bilmərik və hesabat müəlliflərinin tövsiyələrini həyata keçirmək üçün birlikdə çalışmalıyıq", - deyə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen qeyd edib.

Hesabata görə, hər il milyardlarla heyvan ölkə sərhədlərini və qitələri keçərək, quru, okean və hava yolu ilə köç edir, onlardan bəziləri əlverişli mühit axtararaq minlərlə kilometrlik məsafəni qət edir. Təbii ki, köçəri yaşayan heyvan növləri dünya ekosistemlərinin qorunmasında mühüm rol oynayır - bitkiləri tozlandırır, əsas qida maddələrini daşıyır, zərərvericiləri ovlayır və karbonun toplanmasına kömək edir. Sözügedən sənəddə əsas diqqət beynəlxalq mühafizəyə ehtiyacı olan və müvafiq siyahıya daxil edilmiş 1189 heyvan növünə yetirilir. Eyni zamanda, tədqiqat müəllifləri bu siyahıya daxil olmayan üç mindən çox köçəri yaşayan heyvan növünün vəziyyətini əlavə olaraq təhlil ediblər.

Hesabatda xatırladılır ki, köçəri yaşayan vəhşi heyvan növlərinin qorunması haqqında Konvensiya (CMS və ya Bonn Konvensiyası olaraq da tanınan) quru və dəniz köçəri yaşayan heyvanları, eləcə də köçəri yaşayan quşları əhatə dairəsi boyunca qorumağı hədəfləyir. Bu, 1979-cu ildə BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində bağlanmış beynəlxalq müqavilədir. Konvensiyanın imzalanmasından bəri iştirakçıların sayı tədricən artır və indi Afrika, Mərkəzi və Cənubi Amerika, Asiya, Avropa və Okeaniyanın 133 ölkəsini ehtiva edir. Konvensiyada sadalanan növlər, əhatə dairələrinin hamısında və ya əksəriyyətində yoxolma təhlükəsi altındadır və ya qoruma statuslarını artırmaq üçün koordinasiyalı beynəlxalq fəaliyyətə ehtiyac duyurlar.

Araşdırmalara görə, son 30 ildə siyahıya alınmış 70 köçəri yaşayan heyvan növü, o cümlədən çöl qartalı, leşyeyən qartal və vəhşi dəvə yoxolma təhlükə ilə üzləşib. 14 növ, əksinə, onların qorunmasına dair tədbirlər sayəsində əvvəlkindən daha yaxşı vəziyyətdədir. Bunlara mavi və donqar balinalar, ağ quyruqlu qartal və qara qağayı daxildir. Köçəri yaşayan köpək balığı, skat və nərə balığı da daxil olmaqla Konvensiya siyahısına daxil olan demək olar ki, bütün balıq növlərinin populyasiyalarının 1970-cı illərdən bəri 90 faiz azaldığına görə yüksək yoxolma riski ilə üzləşməsi faktı ən böyük narahatlıq doğurur. Konvensiyanın siyahısına daxil edilməmiş 399 köçəri yaşayan heyvanlar növü də kökü kəsilmək təhlükəsi altındadır.

Qeyd edək ki, bu gün Azərbaycanda təbii müxtəlifliyin qorunması istiqamətində müvafiq addımlar atılır. Ölkəmizdə101 məməli, 365 quş, 52 sürünən (reptiliya), 10 suda-quruda yaşayan (amfibiya), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, insanlarda və heyvanlarda parazitlik edən ibtidai (protozoa) heyvan növləri məlumdur. 101 növ məməli heyvandan 13-ü cücüyeyən, 28-I yarasa, 29-u gəmirici, 2-si dovşankimilər, 19-u yırtıcı, 9-u dırnaqlı, 1 növü isə kürəkayaqlıdır. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxləlifdir. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılıb. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin - sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları və s.) arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar rayonları) və yüksək dağlıq ərazilərdə məşkunlaşıblar. Quşların bir çox növü mesələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılıblar.

Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanda “Qırmız kitab”a düşən vəhşi heyvan və yabanı bitki növlərinin sayı ilbəil artır. Məsələn, ötən ilin mayında çapdan çıxan “Qırmızı kitab”ın üçüncü nəşrinə 241 fauna növü daxil edilib. Həmin rəqəm birinci nəşrdə 108, ikinci nəşrdə isə 223-ə bərabər idi. Sonuncu nəşrə 60 yeni fauna növü daxil edilib, 42 fauna növü çəhrayı siyahıya salınıb. Çəhrayı siyahı o deməkdir ki, həmin növ yenə də dövlət tərəfindən qorunur və onu ovlamaq və ya qırmaq olmaz. Lakin görülən tədbirlər nəticəsində həmin növlərin sayında artım var.

Görülən tədbirlərin nəticəsi olaraq hazırda respublikamızda iki növün reintroduksiyası uğurla aparılır və bir neçə növün də təbii areallarının bərpasına yeni başlanılıb. Belə ki, Azərbaycanın mərkəzi düzənlik və dağətəyi bölgələrində tarixən ceyranlar geniş yayılmışdı. XX əsrin əvvəlində motorlu texnika çıxandan sonra ovçular onları maşınlarla qovaraq ovlamağa başladılar. Tez bir zamanda az qala nəslini kəsməyə nail oldular. 1960-cı ildə zooloqlar tərəfindən aparılan sayılma prosesi bu növün ölkəmizdə cəmi 200 baş qaldığını göstərdi. Təcili atılan addımlar sayəsində Bəndovan yasaqlığı, Şirvan qoruğu yaradıldı və növ burada bərpa olmağa başladı. Lakin Azərbaycanın bir çox ərazilərində ceyranın tarixi arealı çərçivəsində bu növə hələ də rast gəlinmir. Məsələn, Ceyrançöl kimi böyük ərazidə ceyranın adı qalıb, özü isə yoxdur. Ona görə növün tarixi arealını bərpa etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), WWF və IDEA İctimai Birliyi tərəfindən uğurlu reintroduksiya layihəsi aparılır. Bu vaxta kimi 350 başa yaxın ceyran Şirvan Milli Parkından tutularaq respublikanın digər ərazilərinə köçürülüb. Yeni ərazilərdə ceyranlar artaraq dayanıqlı populyasiyalar əmələ gətirib.

ETSN, WWF və IDEA İB tərəfindən həyata keçirilən digər uğurlu layihə meşə kəllərinin (zubrların) reintroduksiya yolu ilə bərpasıdır. Həmin heyvanlar ərazimizdə çox qədim zamanlarda yaşayıblar. Sonuncu Qafqaz zubru təbiətdə 1827-ci ildə ovlanıb. 2018-ci ildən başlayaraq ölkəmizə 35 başa qədər zubr gətirilib. Onların təbii artımını da nəzərə alsaq artıq 50 baş heyvan layihə ərazisində yaşamaqdadır. Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində volyer şəraitində yaşayan zubrların yarısı vəhşi təbiətə buraxılıb. Daha sonra Qafqaz nəcib maralı, köpgər, bezoar keçisi, Şərqi Qafqaz turu və s. növlərin də reintroduksiya yolu ilə tarixi arealının bərpası sahəsində işlərə başlanılıb.

Oxunma sayı 134