FHN itən iranlı alpinistlərin AXTARIŞINI DAYANDIRDI

14:31 25.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın "Pobeda" zirvəsində itkin düşən iki iranlı alpinistin axtarışı dayandırılıb.

Hafta.az xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bütün əməliyyat-axtarış tədbirləri dayandırılıb, onların bu il bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda iranlı alpinistlərin itdiyi ərazidə əlverişsiz hava şəraiti hökm sürür.

Qeyd edək ki, Məryəm Pilehvari və Həsən Seyfullah avqustun əvvəlində "Pobeda" zirvəsinə qalxmaq üçün Qırğızıstana gediblər. Onlar sonuncu dəfə avqustun 12-də əlaqəyə çıxıblar. Onları axtarmaq üçün pilotsuz təyyarə göndərilib, lakin bu da alpinistlərin tapılmasına kömək etməyib.

Qırğızıstanın alpinist icması İrandan olan alpinistlərin öldüyünü güman edir. /TASS/