Gələn il necə geyinək?

15:34 28.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünya moda sənayesi hər il yeni və fərqli tendensiyalar ortaya qoyur. Modelyerlər yaşadığımız 2023-cü ildə əsasən parlaq və rəngli geyimlərə diqqət yetirməyi məsləhət görmüşdülər.Bir neçə gündən sonra 2023-cü ili geridə qoyacağıq. Bu o deməkdir ki, 2023-cü ilin dəbi, sevilən rəngləri, geyim üslubları da geridə qalır.

Bəs görəsən, qarşıdan gələn əjdaha ili özü ilə hansı dəbi, hansı aksesuarları gündəmə gətirəcək? 2024-cü ilin moda trendləri nədən ibarət olacaq?

Mövzu ilə bağlı bizimlə söhbətləşən modelyer-dizayner Şəlalə Maqsudova qarşıdan gələn ilin dəb yeniliklərinə toxunub. O, bildirib ki, bu ilin əsas rəngləri qırmızı, göy və tünd-yaşıl tonlar olacaq:

– Demək olar ki, xarici dizaynerlər əsas bu 3 rəngin üzərində dayanıblar.  Bu rənglər 2024-cü ildə favorit rənglər olacaq. Bununla yanaşı ağ və qara həmişə dəbdə olur. Yəni, bu il də klassik rənglər öz aktuallığını qoruyub saxlayacaq. Xanımlara da tövsiyyəm odur ki, dəbi izləsinlər, amma özlərinə yaraşan tərzi, öz zövqlərini tapsınlar. Bəzən ola bilər ki, gündəmdə olan rəng adama yaraşmasın, amma öz rəngini, öz tərzini tapanda hamı deyir ki, necə gözəlsən. Ona görə də xamınlara özlərinə yaraşan rənglərdən, geyimlərdən istifadə etməyi məsləhət görərdim.

2024-cü ilin qış mövsümü dəbindən danışan modelyer-dizayner deyib ki, bu il daha çox yun, toxunma, tvis, trikotaj, dəri və  xəzli parçalardan istifadə olundu:

–  Bu il geyimlərdən boş bədən, yun toxunma jaketlər, trapes gödək yupkalar, enli gödək şalvarlar dəbdə idi. Üst geyimlərində paltoların formasında və biçimlərində dəyişiklik  oldu. Birbaşa biçilmiş, beldə kəsik olmayan gödək, enliçiyinli, yaxalıqlı və cibli paltolara daha çox üstünlük verildi. Yeni ilin qış dəbində isə ən çox dəri tipli materiallardan istifadə olunacaq. Eyni zamanda, yun, toxunma, tvis, trikotaj parçalar da geyimlərimizdə istifadə ediləcək. Bundan başqa, ikili parçalardan hazırlanmış geyimlər daha çox gündəmdə olacaq. İkili parça deyəndə nəyi nəzərdə tuturam? Məsələn, yunla dərinin kombini, dəri ilə tvislərin kombini, dəri ilə trikotajın kombini və s. Bu ilin qış fəslində dəbdə olacaq biçimlərə gəlincə, öncə üst geyimlərə diqqət yetirməliyik. 2024-cü ilin dəbində beldə kəsikli, midi ətəkli, böyük varatniklərlə birbaşa qol kəsimi olan paltolar aktual olacaq. Təbii ki, xəzlər də bununla bərabər geyimlərimizi bəzəyəcək. Xəzlər qışın ən çox istifadə olunan materiallarıdır. Geyimimizin əsas aksesuarlarından olan papaqlara gəlincə, 2023-cü ildə gündəmdə daha çox şlyapalar dəbdə idi. 2024-cü ildə isə şlyapaların nisbətən balaca formaları və “kepka”lar aktual olacaq. Eyni zamanda, dəritipli əlcəklər, şərflər də yeni ilin favorit olan aksessuarlarıdır.