Gözünüz aydın olsun, Ulu Öndər, Ordumuz zəfər çaldı... - Fəxri Xiyabandan reportaj

14:46 11.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 12-i, ulu öndər Heydər Əliyevin anım günüdür. Anım günü şənbə gününə təsadüf etsə də, pandemiya və karantinlə əlaqədar olaraq vətəndaşlar öz liderini bu gün -cümə günü ziyarət edirlər.  

...Fəxri Xiyaban onu ziyarətə gələnlərin ayaq səsləri, pıçıltılı duaları, şükranları dolub, daşır. Bu günkü ziyarət,  tamamilə başqa bir ruh gətirib, Xiyabana. Sanki,  Fəxri Xiyaban Azərbaycanın Qələbə müjdəsinə sevinir, qürurlanır, görüşünə gələnləri fərəqlə qarşılayırdı. Xiyabana gələn ziyarətçilərin üzlərində bir minnətdarlıq hissi var. Sanki, hər kəs ürəyində qışqırıb deyir: “Gözünüz aydın olsun, Ulu Öndər, Azərbaycan Ordusu zəfər çaldı!”

Ziyarətçilər bu müjdəni  ilk olaraq öz liderinə, ulu öndərə vermək üçün onun məzarına doğru gedirlər. Tələsmədən, aramla. Ulu öndərin məzarının qarşısında baş əyərək, dahi liderin uyuduğu torpağa gül dəstələri düzür, ruhuna dualar oxuyurdular. Hər birinin üzündə bir minnətdarlıq cizgiləri sezilirdi. Ziyarətçilərin bir çoxunun əllərində Azərbaycanın qalib Ordusunun işğaldan azad etdiyi zirvələrə taxdığı yüksələn üçrəngli bayrağımiz var idi. Sanki bu üçrəngli bayrağın qələbə işığı hər kəsin üzünə öz nurunu vermişdi. 

Ziyarətə gələn insanlar dekabrın 10-da Azadlıq Meydanında baş tutan Hərbi Zəfər Paradının məhz Ulu Öndərin apardığı siyasətin davamı və nəticəsi kimi dəyərləndirirdilər.

Təsadüfi deyil ki, Prezident, Ali Baş Komandan ilham Əliyev 8 noyabrda Şuşa işğaldan azad olunandan sonra Ulu Öndərin məzarını ziyarət edib, ata vəsiyyətini yerinə yetirdiyinə görə böyük qürur və şərəf hissi keçirdiyini ifadə etmişdi.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, sözləri bu gün hər bir azərbaycanlının dilində əzbər oldu.

Təbii ki, Azərbaycan dövlət müstəqilliyinin qurulması Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü ən böyük xidməti kimi dəyərləndirilir. 17 ildir ki, cismən gedən Ulu Öndər, bu gün ruhən Azərbaycan xalqının yanındadır. Onun dövlətçilik arzuları, məktəbi, qazandığı müstəqillik, davamçısı Ali Baş Komandan İlham Əliyevin simasında daha möhtəşəm bir uğura imza ataraq, Müstəqil Azərbaycanın tamlığını bərpa etdi.  

Bu gün Azərbaycan xalqı özünü xoşbəxt sanır, çünki ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Çünki ulu öndər  bütün həyatını doğma xalqına sərf edib, milli dövlətçiliyin əsasını qoyub.

“Biz  Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! “

 Bu sözlər ulu öndərin istəkləridir və bu gün o ideyalar gerçəkləşir. 

Bu gün Fəxri Xiyabana gələnlər də  Ulu Öndər haqqında  minnətdarlıq notları ilə danışdılar ...

Azərbaycan Milli Qəhrəmanların Tanıdılma İctimai Birliyinin sədri Elşən Uluxanlı hafta.az-a bildirib ki, bu gün Fəxri Xiyabana Milli Qəhrəman ailələrinə dəyər  verən ümummilli liderin məzarını ziyarət eləmək, onun ruhu qarşısında baş əyib öz ehtiramlarını bildirmək üçün gəliblər.

"Bu gün ümummilli liderin məzarına 1991-1993 -cü illərdə canlarını vətən uğrunda qurban vermiş  şəhidlərimizin qanının yerdə qalmaması sevincini onunla  bölüşmək hissi ilə gəldik. Allah ulu ondərə rəhmət eləsin. Bu gün onun da ruhu şaddır".

"Bu gün Fəxri  Xiyabana böyük sevgi, ehtiram hissi ilə gəldim"- deyə bizə yaxınlaşan  ziyarətçi xanım Zəngilan sakini Sevil Əsədova Ulu Öndərə böyük minnətdarlıq hissindən danışdı. 

"Mən Zəngilan rayonundanam. Mən Heydər Əliyevlə, Prezident İlham Əliyevlə fəxr edirəm.  Onlar  bizə bu gözəl sevinci yaşatdılar. Bu gün deyərdim ki, mənim həm toy günümdür, həm torpağımın qayıdış günüdür. Cənab İlham Əliyev, mən sizinlə fəxr edirəm.  Mən sizi bir bacınız kimi  çox istəyirəm. Siz atanızın layiqli davamçısıdır.  Bu gün mən ulu öndərin ziyarətinə gəlmişəm. Ulu öndərə deyəcəm ki, canım ulu öndərim! Mən sizinlə 7 dəfə görüşmüşəm. Sizin verdiyiniz sözü cənab Prezident yerinə yetirdi. Mən ordumla, sizin kimi atanın oğlu ilə fəxr edirəm. "

  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini  Anar Məmmədov bu gün Fəxri Xiyabana Ulu Öndərə olan borcu qaytarmağa gəldiklərini dedi.

" Biz bir təhsil müəssisəsi olaraq  şagirdlərimizin akademik nöqteyi-nəzərindən yüksək biliklərə sahib olması üçün müvafiq şəraiti yaratmaqla yanaşı, onları vətənpərvər, ali biliklərə malik, tarixini, ənənəsini, keşmişini düşünən bir nəsil kimi yetişdirməyə üstünlük veririk. Bununla əlaqədar Heydər ƏIiyevin apardığı siyasət, onun respublika, ölkə üçün təhsil üçün elədiklərini həmişə özümüz üçün  şagirdlərlə apardığımız tərbiyə və mənəvi işin əsas sütunları hesab etmişik. Ümummilli liderin adını daşıyan təhsil ocağı olaraq,  hər il  onu yad etmək bizim müqəddəs borcumuzdur.  Onun abidəsi qarşısında gördüyümüz işləri bir daha xatırlamaq, onu gözəl xatirələrlə anmaq bizə fəaliyyətimizdə yeni stimul verir.

Bu il möhtəşəm zəfər gününü yaşadıq. Biz Xiyabana gələrkən,  sanki " ümummilli lider ruhun şad olsun, sənin bizə verdiyin vəsiyyət yerinə yetdi"- deyə,  həm qürur, həm də minnətdarlıq hissi ilə dayandıq.   Və biz onun abidəsi önünə  yeni nəslin daha yaxşı səviyyədə yetişməsində söz verməyə gəlmişik. Ümummilli lider həmişə deyirdi ki, gəncər Azərbaycanın gələcəyidir. Bax, bu gün o gələcək gəldi. Ulu öndərin  tərbiyəsi altında yetişən gənclər bu gün Qarabağı özümüzə qaytardılar. Onun yetişdirdiyi gənclər bu gün Azərbaycanı bütövləşdirdi.  Cənab Prezidentin ətrafında sıx birləşərək,  ölkəmizin bütün sərhədləri bərpa edildi. Bizim Ümummili liderə bir borcumuz var idi, bir sədaqət andımız var idi. O Azərbaycanı parçalanmaqdan, dağılmaqdan qorudu. Biz Ali Baş Komandanın ətrafında sıx birləşərək, ümummilli liderin qurduğu Azərbaycanı qoruduq.  Prezident İlham Əliyev onun yürütdüyü siyasəti uğurla apardı. Ulu öndər vaxtilə deyirdi ki, biz Qarabağa qayıdacağıq,  Biz qayıtdıq. Ruhun şad olsun!.."

Bu gün ulu öndərin cismani yoxluğundan  17 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

Azərbaycanın inkişaf tarixi hər an faktların dili ilə danışır, deyir ki:

...Bəli, 1969-cu ilin 14 iyulu Heydər Əliyevin  Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür.   Dövlətin həqiqi inkişafı, müstəqillik yolu  həmin gündən başlayır. Eləcə də, 1993-cü il iyunun 15-i  müstəqil Azərbaycanın Qurtuluş günü kimi qeyd olunur. Bu gün Azərbaycan insanlarının dilində bir söz var: əgər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi , dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin mövcudluğu mümükün olmayacaqdı. Xalq onu  dövlətin xilaskarı kimi qəbul etdi və sevdi. Hər zaman tarixə istinadla etiraf edilir ki, Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar ulu öndər o illəri xatırlayaraq deyirdi: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynadı.  Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başladı. 

Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutdu və nəhayət, Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalandı. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü oldu. 2001-ci il Dünya Azərbaycanın I Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.  Bu gün azad torpağın  vətəndaşları fəxr edirlər ki, bu vətənin övladıdır və mənim Heydər Əliyev kimi prezidenti olub.

Tarixə baxış:

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf etdi. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı.

Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir.  1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir.  Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin - C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi  demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".

2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. Məsələn, elə götürək Cocuq Mərcanlını. 24 ildən sonra insanların bu yurda qayıdışı məhz Ümummilli Liderimizin siyasi kursunun təntənəsidir, çünki bu kənd hələ 1994-cü ildə Heydər Əliyevin komandanlığı ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyatda işğaldan azad edilmişdi. Nəhayət, ötən il aprelin əvvəllərində bir neçə günlük döyüş nəticəsində həmin mövqelər də ordumuzun əlinə keçdi. İndi burada yaşayan hər kəs Prezident İlham Əliyevin timsalında Ulu Öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.

Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək".

 Budur Ali Baş Komandan ulu öndərin yarımçıq qalan işlərini başa vurdu, Qarabağı azad etdi. Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalq  əmin idi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Və bu gün torpaqların azadlığı Zəfər günü ulu öndərin özü qədər inandığı varisinin, İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsinin subutudur.

Oxunma sayı 1107