Hadrutdakı erməni təxribatlarının pərdəarxası – Ekspertlər danışır

15:50 28.12.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın nəzarətindən kənarda qalan Xankəndi və digər bir neçə rayonda yerləşən erməni silahlıları istənilən vaxt Azərbaycan postlarına hücum etməklə terroru davam etdirir. Rusiya sülhməramlıları isə öz missiyasına uyğun olaraq bölgədə sülhü təmin edə bilmirlər.

Görünən odur ki, vəziyyət ağır olaraq qalır Müdafiə Nazirliyinin məlumatına görə, dünən günorta saatlarında Hadrut istiqamətində erməni terrorçularının təxribatı nəticəsində bir hərbiçimiz həlak olub, biri isə yaralanıb.

Politoloq Elçin Alıoğlu Hafta.az-a bildirib ki, Hadrut ərazisindəki meşələrdə erməni diversantlara qarşı antiteror əməliyyatı aparılır. Hazırda əməliyyatlar Xocavənd rayonundakı Tuğ kəndinin yaxınlığında davam edir.

Onun sözlərinə görə, olayın yaşanmasının birbaşa səbəbi Qarabağın bir hissəsinin Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olmasıdır. Rusiyanın "nəzakətli yaşıl adamları" nə qədər Qarabağdadır - belə insidentlər davam edəcək. Çünki erməni yaraqlılar rusiyalı sülhməramlıların kontrolundakı ərazilərdə özlərini rahat, komfortlu hiss edirlər.

Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Əsgəran kimi yaşayış məntəqələrinə Azərbaycan vətəndaşlarının daxil olması hələ də problemdir. Daha doğrusu, sıravi vətəndaş üçün bu, mümkün deyil.

Səbəb bəllidir. Həmin əraziləri Rusiya ordusunun "sülhməramlı" adlandırdığı hərbçiləri "effektiv nəzarət"ə almaq istəyirlər:

“Rəsmi Moskva "effektiv nəzarət" ifadəsindən gen-bol istifadə etməyə Avropa İnsan Haqları Məhkəməsində "Loizidu işi" presedentindən yararlanaraq başlayıb.

Rusiya hərbçilərinin Azərbaycan vətəndaşlarını da Qarabağda, yəni Azərbaycan ərazisində harasa buraxmamaları da hələlik "prosesin məcraya salınması labudlüyü" ilə bəhanələnir. Ola bilər, dözərik. Fəqət, bu dözüm uzunmüddətli olmamalıdır, çünki fəsadlar yaranar”.

Politoloq hesab edir ki, Rusiyanın sülhməramlılar vasitəsilə Qarabağda möhkəmlənməsinə yol verməmək üçün atılacağı gərəkən addımlar çox sadədir:

“Birincisi, Qarabağda Azərbaycanın yurisdiksiyası qüvvədə olmalı, Azərbaycanın dövlət strukturları fəaliyyət göstərməlidir və heç bir halda Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə separatçı xuntanın "struktur"ları ilə əvəzlənməsinə imkan verilməməlidir.

İkinci, Qarabağda hələlik nəzarətimizdə olmayan ərazilərdə erməni yaraqlılar tərksilah edilməlidir. Bu prosesin yanvarın 8-də başa çatacağı deyilsə də, əsla inandırıcı təsir bağışlamır. Daha doğrusu, bəhs etdiyim bəyanat mövcud situasiyada tam irrelevant təsir bağışlayır.

Üçüncü, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti qarşısına qoyulmuş vəzifələrin və tapşırıqların effektiv yerinə yetirilməsi üçün yetərlidir. Say artımını "sürünən proses" formasında reallaşdırmaq cəhdlərinin qarşısı alınır və bundan sonra da mövqeyimizi sərt şəkildə nümayiş etdirməliyik.

Beşinci, Rusiya sülhməramlılarının hazırda operativ nəzarət etdikləri ərazilərdə müvəqqəti idarəetmə administrasiyaları və ya strukturları yaratmasına əsla imkan verilməməlidir. Rusiyalılar hələlik bu barədə danışmırlar, amma şübhə etmirəm ki, müəyyən müddətdən sonra mövzunu Rusiya mediasında müzakirə etməyə cəhdlər olacaq.

Altıncı, rusiyalı sülhməramlıların yerli əhali üçün icrası məcburi olan hər hansı normativ aktı açıqlamalarına icazə verilmir və bundan sonra da verilməməlidir”.

E.Alıoğlu hesab edir ki, əgər bəhs etdiklərinin əksi olarsa, bu, Rusiyanın Qarabağda "effektiv nəzarət"ə şirniklənməsi sürətlənəcək.

“"Effektiv nəzarət" işğalın sivil adıdır. Rusiyalı sülhməramlıların indi nəzarətdə saxladığı ərazilərə qarabağlı ermənilərin qayıdışlarını təmin etmələri, humanitar yardım aksiyaları keçirmələri, infrastruktur və bərpa işləri ilə məşğul olmaları, ermənilərin evlərini təmir etmələri və s. kimi əmələrinin bir məqsədi var: qarabağlı erməniləri qorumaq, onların sayının azalmasının, Qarabağdan qaçaraq Ermənistana və xüsusilə də Rusiyaya getmələrinin qarşısını almaq.

Öz-özlüyündə, humanitar fəaliyyət pis deyil. Məhz bu səbəbdən Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin analoji aksiyaları Xocalıda da aparmalarına və ən başlıcası, Xocalı köçkünlərinin evlərinə - o evlər viran qalsa da - qayıtmalarına nail olmalıyıq.

Rusiya qarabağlı erməni köçkünlərini Qarabağa qayıdışını təmin edirsə, eyni prosedur azərbaycanlı köçkünlərə də şamil edilməlidir və rusiyalı hərbçilər onları Rusiya bayrağının müşayiəti ilə Xocalıya qaytarmalıdır.

Sonra Əsgərana, Ağdərəyə, Xankəndinə, Xocavəndə. Çətinlik yaranarsa, Ağdam-Xocalı və Şuşa-Xocalı yolları, yəni nəqliyyat dəhlizləri açılmalıdır. Və ən nəhayət, Qarabağla bağlı üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontinjenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir". Silahlı erməni diversantların terrori əməliyyatları və onların Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki bazalarından işğaldan azad edilmiş ərazilərimizə sızması həmin anlaşmanın pozulmasıdır.

Belədə, bütün beynəxalq anlaşmalara və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq Azərbaycan bütün Qarabağ ərazisində, o cümlədən Xankəndində antiterror əməliyyatına başlaya bilər”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, qondarma qurumun "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyan hərbi əməliyyatları davam etdirəcəklərini və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziləri geri qaytaracaqlarını bildirmişdi.

“Bundan bir gün sonra erməni terrorçularının hücumu nəticəsində Hadrut istiqamətində iki igid əsgərimiz şəhid oldu. Bütövlükdə ermənilər bizim əsgər-zabitlərdən qorxurlar, çünki gücümüzü gördülər. Ruslar hələ bu gücü öz üzərilərində, sülhməramlı missiyasını yerinə yetirməli olduqları ərazidə tam hiss etmədiklərindən ərkəsöyünlük edir, özlərini yandarm kimi görür, ermənilərin açıq-aşkar müdafiəçiləri kimi aparırlar.

Deməli, biz də öz mövqeyimizi daha sərt surətdə ortaya qoymalı, rusları yerində oturtmalıyıq. Araik Arutunyan, Vitali Balasanyan və onlar kimi müharibə canilərini bizim Xüsusi Təyinatlılar harada gizlənmələrindən asılı olmayaraq bir-bir götürməli və Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verməlidirlər”.

Elşad Musayev hesab edir ki, Laçın koridorunu ruslara etibar etmək olmaz. Azərbaycan əsgəri mütləq orada olmalıdır ki, Ermənistan hərbi qüvvələrini sərbəst surətdə buralara keçirməsin. Həm də icazəsiz Azərbaycan ərazilərinə daxil olmanın qabağını ala bilək.

“Bir müddət əvvəl Fransa parlamentinin, eləcə də, digər xaricilərin Ermənistan vasitəsilə Laçın koridorundan sərbəst keçərək Xankəndinə gəldikləri barədə məlumatlar daxil oldu. Rusiya dövlətinin nəzarətində olan bütün tele-kanallar, informasiya vasitələri birbaşa erməniləri müdafiə edir, separatçılara qucaq açırlar. Zatulin kimi, hakim partiyanın təmsilçiləri açıq-aşkar Azərbaycana hücum edirlər. Bizim hakimiyyət orqanları, xüsusən XİN bu məsələlərdə qorxaq mövqe sərgiləməməli, əksinə Rusiya rəhbərliyinə açıq etiraz bildirməlidir. Konkret bir tərəfi müdafiə edən dövlət münaqişənin həllində vasitəçi ola bilməz.

Münaqişənin ikinci mərhələsinə daxil olmuşuq. Hərbi əməliyyatlar gedən zaman nə qədər qərarlı olmuşuqsa bu mərhələdə ondan da qərarlı olmalı və hər bir müdaxiləyə sərt cavab verməliyik. Belə olan halda onsuz da miskin duruma düçmüş ermənilər də, onlara havadarlıq edənlər də öz yerlərini və hədlərini biləcəlklər.

Qardaş Türkiyə Ordusunun Azərbaycana gələrək görəvə başlaması da bizim əlimizi xeyli gücləndirəcək. Panikaya düşməyə əsas yoxdur. Sadəcə qərarlı olaq, sonda hər şey bizim istədiyimiz kimi olacaq”.