Hansı müğənnilər qazilərin toyunda pul alıb? - SORĞU

17:47 11.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Artıq məhərrəmlik ayı sona çatıb. Bu da ölkədə toy sezonunun başlaması deməkdir. Bəs görəsən sənət adamları, şou biznes əhli qazilərin toyunda təmənnasız iştirak edirmi? Hansı ifaçıya çıxış etdiyi qazi məclisində pul təklif edirlər, kimlər alır, kimlər isə “borcumuzdur” deyir?

Hafta.az-ın əməkdaşı bu suallar əsasında şou biznes əhli arasında sorğu apardı.

İlk müsahibimiz toyların sevimli səsi Yusif Mustafayev oldu. O, bildirdi ki, qazi toylarına dəvət alanda canla-başla gedir:

“Bu adamlar Vətən yolunda canlarını sipər ediblər. Elə şey olar ki, bizi dəvət etsinlər getməyək? Düzünü desəm, son dövrlərdə dəvət almamışam. Amma olsa gedərəm və getməliyəm, burada başqa söhbət ola bilməz. Allah dövlətimizi, millətimizi qorusun, şəhidlərimizə rəhmət etsin. Qazilər vətənin dəyərli övladlarıdır. Biz onların qulluğunda hər zaman hazır olmalıyıq”.

Növbəti müsahibimiz olan Manaf Ağayev də imkan olduqca qazilərin və ehtiyac sahiblərinin məclislərində iştirak etdiyini söylədi:

"Mən inanmıram ki, hansısa sənət adamı qazi toyunda təmənnasız iştirakdan boyun qaçıra. Özüm bir neçə toyda iştirak etmişəm, bəzilərinə isə müəyyən səbəblərdən gedə bilməmişəm. Boş günüm olandan sonra, nəinki qazilərin lap elə imkanı aşağı olan şəxslərin də toyuna təmənnasız gedirəm. Bir də görürsən deyirlər ki, "sabah bir qazinin toyudur, orda çıxış edə bilərsiniz?". Ancaq həmin gün başqa yerdə məclisdə oluram deyə gedə bilmirəm. Elə bu gün bir imkansız adamın toyuna dedilər, Salyanda məclisdə olduğum üçün gedə bilmədim. Bu çox həssas məqamdır. Fikrimcə imkan yarandıqca hamı qazi toyunda iştirak etməlidir. Bəzən zəng edirlər ki, "filan vaxt, filan şəhidin ilidir, iştirak edə bilərsiniz?" Əgər həmin gün başqa bir yerdə deyiləmsə, əlbəttə ki iştirak edirəm. Bəzən gedə bilməyəndə bunu başqa cür ictimaiyyətdə hallandırırlar. 30-40 ildir xeyriyyə tədbirində çıxış edirəm. Heç vaxt belə şeydən boyun qaçırmamışam. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin”.

Sevilən ifaçı İzzət Bağırov  isə hətta çıxış etdiyi qazi toylarında ona bunun qarşılığında pul təklif edildiyini, ancaq heç zaman almadığını xüsusi vurğuladı.

“Mən 2-3 qazi toyuna dəvət alıb, təmənnasız iştirak etmişəm. Elə bir o qədərinə də blogger Elçin Lənkəranskinin vasitəçiliyi ilə getmişəm. Təklif gəlir, mən də canla-başla iştirak edirəm. Hətta bəzən qarşılığında pul da ödəmək istəyirlər. Demişəm, "ayıbdır, bizim hər birimizin borcudur, gəlməliyik". Elçin qazilərlə tez-tez görüşür deyə, mən də onun tədbirlərində mütəmadi olaraq iştirak edirəm”.

Söz xridarı Namiq Məna da bu günə qədər çoxlu sayda həm birinci¸həm də ikinci Qarabağ müharibəsi iştirakçılarının toy məclisində çıxış etdiyini bildirdi.

“Dəfələrlə qazi toylarında iştirak etmişəm. Dəvət edirlər, mənim üçün də böyük şərəfdir ki, belə oğulların məclisində iştirak edib, borcumdan az da olsun çıxa bilirəm. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi qazilərinin şad günlərində mütəmadi olaraq iştirak edən adamam. Hətta pul da təklif edirlər qarşılığında ancaq heç vaxt almamışam, almaram, elə şey mümkün deyil. Allah o insanlara elə bir mərdlik verib ki, səmimiyyətləri, xarakterləri ilə bir başqa aləmdirlər. Allah hər birinə uzun ömür can sağlığı versin, şəhidlərimizə rəhmət etsin”.

Eltun Hüseynəliyevin produseri Tamilla Hüseynəliyeva deyir ki, Eltun bəy də həmkarları kimi belə məclislərdə iştirak edəndir:

“Bu günə kimi konsertlərə qatılıb, ancaq toylara dəvət almadığı üçün iştirak etməyib. Təbii ki, qazi toyuna dəvət alsa və həmin gün boş günü olsa toyda da təmənnasız iştirak edər”.

Keçirdiyimiz sorğudan belə qənaətə gəldik ki, sənət adamları qazilərin xoş gününü daha da gözəl və yaddaqalan etməyə yekdilliklə can atırlar.  Bu da bizim xalq olaraq birliyimizin bir başqa nümunəsidir. Nə deyir təki hər zaman xoş günlərdə...

Oxunma sayı 1262