Həftənin İŞSİZİ - Həftə-reytinq

10:14 08.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Qorxmaz Hüseynovun işdən çıxarılması ilə əlaqədar sərəncam imzaladı. Sərəncama əsasən, Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, Q. Hüseynov 2011-ci ildən bu vəzifəni icra edirdi. 

 

Həftənin TƏYİNATI

Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Orxan Nəzərlinin kimliyi ictimaiyyətdə maraq doğurub. O.Nəzərli 1984-cü ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib. İş fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb. Azərbaycanda fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini olub. 2018-ci ildə Vergilər nazirinin müşaviri təyin edilib. 2019-cu ildən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi olub. Ötən il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib.

 

Həftənin OĞULU

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub. Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur. Bu məqamda qeyd edək ki, bu, R. Orucovla bağlı mətbuata çıxmış ilk hadisə deyil.

 

Həftənin QƏZASI

Daxili İşlər Nazirliyi müğənni Aslan Hüseynovun ölümü ilə bağlı məlumat yaydı. Mayın 4-də saat 5 radələrində Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhər sakini Aslan Hüseynov idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən paytaxt sakini G.Bəşirovun idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə vurub. Nəticədə A.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Həftənin TƏKLİFİ 

ABŞ və Rusiya Prezidentləri Cozef Baydenlə Vladimir Putinin gözlənilən görüşü Bakıda baş tuta bilər. Bu barədə “Politico” nəşri məlumat verib. Keçmiş ABŞ rəsmiləri nəşrə açıqlamalarında, nəzərdə tutulan görüşün Çexiya, İslandiya, Sloveniya və ya Azərbaycanın paytaxtında baş tuta biləcəyini bildiriblər

 

Həftənin TƏCRÜBƏSİ

Rusiyalı bloqer Vitali Vıqranovski 40 günlük aclıq sınağından sonra dünyasını dəyişib. Bloqer “Youtube” kanalında 40 gün ac və susuz qalmağı planlaşdırdığını elan edib. Martda təcrübəyə başlayan Vıqranovskinin 10-cu gün halı pisləşsə də, aclığa davam edib. 20-ci gün o, “tam təmizləndiyini” elan edərək, arıqladığını və daha fiziki fəallığı olmadığını bildirib. Bloqer 35-ci gün artıq ölümcül halda olduğunu elan etsə də, sınağı dayandırmayıb. 40-cı gün Vitalinin tanışları sosial şəbəkədə onun artıq öldüyünü yazıblar.

 

Həftənin QAYDAPOZANI 

 

La Liqa rəhbərliyi “Barselona”nın ulduzu Lionel Messini şikayət edib. Buna səbəb onun 24-cü turda “Valensiya” üzərində 3:2 hesablı qələbədən sonra komanda yoldaşlarını evinə qonaq çağırmasıdır. Messi komandadaxili ab-havanı daha da yaxşılaşdırmaq üçün bu cür addım atıb. Lakin o,bu hərəkəti ilə karantin qaydalarını pozub. Nəticədə La Liqa rəhbərliyi argentinalı ulduzla bağlı araşdırmalara başlayıb. 

Oxunma sayı 2093