Həftənin QƏTLİ - Həftə-reytinq

10:15 05.06.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bakıda məhkəmə hakimi arvadını öldürüb. Hadisə paytaxtın Sabunçu rayonunun Ləhic bağlarında baş verib. Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, cütlüyün 3 övladı var. Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

 

Həftənin MƏHKƏMƏSİ

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilib.

 

Həftənin ETİRAFI

“Bəli, biz müharibəni uduzduq və buna görə məsuliyyət bizim üzərimizə düşür, ancaq biz bununla insanların gözlərinə dik baxmaq haqqını qoruyub saxladıq”. Bu sözləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Spitak şəhərində tərəfdarları ilə görüşündə deyib. “Əgər biz satqınıqsa, nə danışdığımızı dinləməyə gələn bu insanların burada nə işi var? Bu insanları bura gəlməyə nə vadar edib? Pul üçün gəliblər? Məcburiyyət üzündən? Təhdidlərə görə? Onları polis gətirib?” - deyə Paşinyan jurnalistlərə müraciət edib.

 

Həftənin QƏRARI

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verəcək qərar qəbul edilib. Qərar Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasından sonra Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində qəbul edilib. Yeni qanunun qüvvəyə minmə tarixi dəqiqləşdirilməyib. Yeni qanun ölkə əhalisinin qocalmasının qarşısını almaq məqsədi daşıyır. Belə ki, ölkədə yaşlıların sayı uşaqların sayını üstələyir.

 

Həftənin FUTBOLÇUSU

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa çempionatlarında debüt edən ən gənc futbolçuların adlarını açıqlayıb. 11 nəfərlik siyahının 9-cu pilləsində Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov yer alıb.  Cavadov 2006-cı ildə AÇ-2008-in seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (0:1) meydana çıxıb. Keçmiş yarımmüdafiəçinin Avropa çempionatında debütü 17 yaş 100 günlüyündə olub.

 

Həftənin MƏRHUMU

“Tarzan” serialı ilə dünyada tanınan amerikan aktyor Co Lara dünyasını dəyişib. 59 yaşlı ulduz Tennessi ştatında Perci Prist gölünə düşən təyyarənin göyərtəsində olub. Qəza nəticəsində aktyorun xanımı Qven Şamblin və daha beş nəfər həlak olub.

Qeyd edək ki, sözügedən şəxslərin cəsədləri tapılmayıb. Xilasetmə qüvvələri göldə axtarışları davam etdirir.

 

Həftənin MƏŞQÇİSİ

İspaniyanın “Real” klubunun yeni baş məşqçisi müəyyənləşib. Madrid təmsilçisini bundan sonra Karlo Ançelotti çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Zinədin Zidanla yollarını ayıran “kral klubu”, fransız mütəxəssisi italyan məşqçi ilə əvəz edib. Zidan kimi, Ançelotti də ikinci dəfədir “Real”a baş məşqçi təyin olunub. 61 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Xatırladaq ki, Karlo, 2013/14 və 2014/15 mövsümlərində də “Real”ı çalışdırıb.

 

Oxunma sayı 2301