Həftənin SAYĞISIZLIĞI - Həftə-reytinq

10:54 15.07.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər. Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

 

Həftənin FACİƏSİ

İraqın cənubundakı Zikar vilayətində koronavirus xəstələrinin yerləşdirildiyi xəstəxanada baş verən yanğında ölənlərin sayı 124-ə çatıb. Daha əvvəl ölənlərin sayı 92 idi. İraqın Baş naziri Mustafa əl-Kazıminin sözlərinə görə, yanğının araşdırılmasının ilkin nəticələri bir həftə ərzində elan olunacaq. Eyni zamanda, Di-Kar əyalətinin Apellyasiya Məhkəməsi regional Səhiyyə Nazirliyinin 13 əməkdaşının saxlanılmasına dair order verib.

 

Həftənin İLKİ

Hər il Həcc mövsümündən əvvəl təhlükəsizlik liderləri tərəfindən keçirilən mətbuat konfransı Səudiyyə Ərəbistanı tarixində ilk dəfə bir qadın əsgər tərəfindən həyata keçirilib. Sosial mediada gündəm olan qadın əsgər böyük rəğbət toplayıb. Aber Əl-Rəşid adlı əsgər qara hərbi forması ilə gəldiyi kürsüdə mətbuat konfransında danışacaq zabitlərə hərbi salam verib, qısa bir nitq söyləyib.

 

Həftənin DUASI

“Şuşa ən dəyərli brilyantdır. Şuşa qədim memarlıq abidələri olan əsrarəngiz, gözəl şəhərdir.” Bu sözləri Şuşaya səfər edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi Konstantin Pominov deyib. “Düzünü deyim, bir şey arzu etmək istəyirəm – bu torpaq uşaq səsləri və gülüşü ilə, sevinc və sevgi ilə dolsun. Burada həyat gözəl olsun, insanlar acıları unutsunlar və Şuşa ölkəmizin ən parlaq incisi və gözəl şəhəri kimi parlasın”, - deyə o əlavə edib.

 

Həftənin ƏN YAXŞISI

Avro-2020-nin İtaliya – İngiltərə finalından sonra turnirin ən yaxşı oyunçusu müəyyənləşib. Hafta.az xəbər verir ki, İtaliyanı çempion edən penaltini qaytaran qapıçı Canluici Donnaruma AÇ-nin ən yaxşısı seçilib. Qeyd edək ki, son Avropa Çempionatının qalibi də İtaliya yığması olub. Onlar finalda İngiltərə yığmasını penaltilər seriyasında məğlub etməyi bacarıblar. 

 

Həftənin ETİRAFI

Xalq artisti Könül Xasıyeva həyatında verdiyi yanlış qərarından da söz açıb. O bildirib ki, 3 dəfə intihara cəhd edib: “Üç dəfə intihara cəhd etmişəm. Birinci intihar cəhdimdə Kazım yanımda idi. Dənizə getmişdik, özümü orada boğmaq istədim. Bir polis məni qolumdan tutub qurtardı. İki dəfə də dərman içmişəm. Dərman içməkdən, xəstəxana palatalarından, haqsızlıqlardan çox yorulmuşam”.

 

Oxunma sayı 2500