Həftənin "SAZİŞİ" - Həftə-reytinq

11:37 23.01.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

 

Həftənin "ETİRAFI"

Xalq artisti Flora Kərimova şəxsi həyatı barədə maraqlı açıqlama verib.“Onun sirri” proqramına qonaq olan sənətkar həyat yoldaşı Faiq Şəfiyevin ona hədiyyə etdiyi avtomobilin tarixçəsindən danışıb: “Mənə həmişə çox bahalı zinət əşyaları hədiyyə edirdi, qəbul etmirdim. Bir dəfə də maşın gətirdi. Maşın iki gün həyətdə qaldı, üçüncü gün gələndə dedim ki, Faiq, ya maşını apar, ya da açarı həyətə atacağam. Atdım həyətə... O, bunu təhqir olaraq qəbul etdi. Maşını başqa bir qadına bağışladı. Həmin qadın da həyatda hər zaman ayağıma dolaşan biri idi. O qadın da atalığı rəhmətə gedəndə maşını satıb başdaşı düzəltdirdi”.

 

Həftənin "MƏĞLUBİYYƏTİ"

“Real” İspaniya kubokunda gözlənilməz məğlubiyyətlə üzləşib. Madrid klubu 1/16 finalda 3-cü divizion təmsilçisi “Alkoyano” ilə səfər matçında 1:2 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.

Qeyd edək ki, artıq klub rəhbərliyi fransalı ulduz məşqçi Zinəddin Zidanın istefaya göndərilməsi ilə bağlı qərar qəbul edib. 

 

Həftənin "QƏRARI"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva pandemiya bitəndən sonra toylara getməyəcəyini açıqlayıb. Bu barədə o, “Elgizlə izlə” proqramında məlumat verib. 65 yaşlı müğənni başqa sahələrdə çalışaraq pul qazanacağını qeyd edib: “Pandemiya başlayandan əhvalım yoxdur. Pul düşkünü olmamışam. Allah hamıya qədərində pul versin. Heç vaxt deməmişəm ki, Allah, mənə pul çox ver. Demişəm, qədərində, övladıma və özümə lazım olacaq dərəcədə pulum olsun. Əvvəl hər gün toya gedirdim, pul qazanırdım. Çıxan kimi marketə qaçırdım. Bu gün pul yoxdur, amma yenə çörək var, çünki vaxtında savab işlər etmişəm. Bundan sonra toy görmürəm. Çalışacağam başqa sahədə pul qazanım. O qədər gənc var ki, gedib toylarda oxuyarlar”.

 

Həftənin "TƏYİNATI"

Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət millisinə yeni baş məşqçi təyin olunub. Yığma Belarusdan olan Olqa Barkalavaya tapşırılıb. Barkalava təyinatı ilə bağlı təəssüratlarını bölüşüb. O, millinin məşq etdiyi zalla və gimnastlarla tanış olduğunu bildirib: "İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.

 

Həftənin "BOŞANMASI"

Ötən ilin yanvarında ailə quran məşhur müğənni Sıla Gencoğlu və aşpaz Hazer Amani boşanıb. Bodrum Məhkəməsində baş tutan iclas 15 dəqiqə çəkib, prosesdə hər iki tərəf iştirak edib.

Məkandan ayrılan eks-cütlük KİV-in suallarını cavablandırmaqdan imtina edib. Amani isə “deyəcək bir sözüm yoxdur”, - deyə bildirərək ərazini tərk edib.

 

Həftənin "VİDASI"

ABŞ-ın artıq keçmiş Prezidenti Donald Tramp vida nitqi ilə çıxış etdi.  O, Cozef Bayden administrasiyasının hakimiyyətə gəlişini qəbul edib və onlara uğurlar arzulayıb: “Bu həftə biz yeni administrasiyanın inauqurasiya mərasimini keçiririk və mən ona Amerikanın təhlükəsizliyinin və çiçəklənməsinin qorunub saxlanılmasında müvəffəqiyyət qazanması üçün dua edirəm”.

Tramp Konqres binasına edilən hücumdan da danışıb: “Bütün amerikalılar Kapitoliyə hücuma görə dəhşətə gəlmişdilər. Siyasi zorakılıq – amerikalıların şərəflə qoruduqları hər bir şeyə hücum deməkdir. Bununla heç vaxt barışmaq olmaz”.

Oxunma sayı 2162