Hindistan səfirliyində 10-cu Quru Qobind Sinqhin oğulları Baba Fateh Sinqh və Baba Zoravar Sinqhin şəhidliyinə ehtiram əlaməti olaraq “Veer Baal Divas” adlı anım mərasimi keçirilib.

Hafta.az-ın yazdığına görə, 50-dən çox iştirakçının qatıldığı tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar bildirib ki, Hindistan hökumətinin qərarı ilə 2022-ci ildən başlayaraq hər il dekabrın 26-da Sahibzadə Zoravar Sinqh və Sahibzadə Fateh Sinqhin şəhid olması münasibətilə “Veer Baal Divas” günü kimi qeyd ediləcək.

Müvəqqəti işlər vəkili həmçinin tədbir iştirakçılarına Sahibzadələrin hekayəsindən söz açıb, onları “Veer Baal Divas” mövzusunda açılmış sərgiyə baxmağa dəvət edib.
Daha sonra Şri Lavdip Sinqh, Şri Manmohan Sinqh, Şri Dilbaq Sinqh və Şri Ravi Sinqh Sahibzadələrin verdiyi qurbanlara ehtiram əlaməti olaraq “Quru Şabad” duasını oxuyublar.

Xatırladaq ki, Hindistanın baş naziri Narendra Modi 9 yanvar 2022-ci il tarixində 10-cu Quru Şri Qobind Sinqhin övladlarının şücaətinə ehtiram əlaməti olaraq “Veer Baal Divas” gününün qeyd olunacağını elan edib.