Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini bu ilin dekabr ayında keçiriləcək 23-cü Rusiya-Hindistan sammiti üçün ölkəsinə dəvət edib.
Hafta.az xəbər verir ki, Narendra Modi dəvətini Rusiya Prezidenti ilə ikitərəfli görüş zamanı səsləndirib. Bildirib ki, - "2025-ci ilin dekabrında 1 milyard 400 milyon hindistanlı sizi səbirsizliklə gözləyəcək. Bu, ölkələrimiz arasında keçiriləcək 23-cü illik sammit olacaq”.
Baş nazir Hindistanla Rusiya arasında münasibətləri “dərin və hərtərəfli, xüsusi imtiyazlı strateji tərəfdaşlıq” kimi səciyyələndirib:
“Ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq təkcə xalqlarımız üçün deyil, qlobal sülh, sabitlik və rifahın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır”.
Görüş üçün Vladimir Putinə təşəkkür edən Baş nazir onu “dostu” adlandırıb:
“Biz daima əlaqə saxlayırıq, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. İkitərəfli münasibətlər çərçivəsində mütəmadi olaraq yüksəksəviyyəli görüşlər keçiririk”.