“İbrahim Peyğəmbərin ailəsinin qardaşlıq evi” mövzusunda onlayn görüş keçirilib

13:34 17.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki Səfirliyi millət vəkili Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin məsləhətçisi Rəhim Rəhimov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin iştirakı ilə “İbrahim Peyğəmbərin ailəsinin qardaşlıq evi” mövzusunda onlayn görüş təşkil edib.

Hafta.az yazır ki, Səfirliyin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi açılış nitqi söyləyərək, getdikcə qütbləşən dünyada BƏƏ-nin dinlərarası dialoq üçün xüsusi bir yer təklif etdiyini söyləyib. Deyib ki, dini tolerantlıq və müxtəlifliyin qucağı BƏƏ-nin hekayəsinin başlanğıcından bir hissəsi olub. Bu gün BƏƏ-də 200-dən çox xalqın nümayəndələri yaşayır və onların timsalında bütün dinlərə etiqad edilir.

Daha sonra Abdalla əl-Şəmsi “İbrahim ailəsi evi” adlı layihə haqqında məlumat verib. Bildirib ki, sözügedən ev hazırda Əbu-Dabidə inkişaf etdirilən dinlərarası bir kompleks olacaq ki, orada kilsə, məscid, sinaqoq və dünyəvi salamlama mərkəzinin yerləşəcəyi nəzərdə tutulub.

"İbrahim dinləri - yəhudilik, xristianlıq və İslam - tək Allaha inamla biri-birilərinə bağlıdırlar və hər üçü İbrahim Peyğəmbərlə əlaqəli tarixi paylaşır. Ümumi dizayn, üç etiqad arasındakı tez-tez nəzərə alınmayan oxşarlıqları və onların müvafiq memarlıq ənənələrini işıqlandırmağı hədəfləyir", - ”deyə o, vurğulayıb.

Müvəqqəti işlər vəkili, Papa Fransis və Əl-Əzhər Universitetinin Böyük İmamı Dr.Əhməd əl-Tayeb tərəfindən Pontifikin 2019-cu ilin fevral ayında Əbu Dabiyə ilk səfəri zamanı imzalanmış İnsan Qardaşlığı Sənədi haqqında da geniş məlumat verib.

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Azərbaycanda multikultural dəyərlər” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu multikulturalizm siyasətinin həyata keçirildiyini, BƏƏ ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin inkişafında iki ölkə rəhbərinin böyük rolu olduğunu qeyd edib.

DQİDK-nin xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev Komitənin fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüş zamanı iştirakçılar BƏƏ və Azərbaycandakı multikulturalizm və tolerantlıq barədə dəyərli fikir mübadiləsi apardılar.

Oxunma sayı 4257