Son zamanlar sosial şəbəkələrdə yayılan Bakı Metropoliteninin "8 Noyabr" stansiyasının görüntüləri əhali arasında maraq doğurub. Videoda stansiyanın istifadəyə hazır olduğu görünür.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında sözügedən stansiyanın yaxın zamanlarda təhvil verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirdi.
Bəxtiyar Məmmədov deyir ki, yayılan videolarda metronun "8 Noyabr" stansiyasının hazır olduğu görünə bilər, amma metro stansiyası təkcə gözəlgörünüşlü divarlardan ibarət deyildir. Burada əsas olan infrastrukturun qurulmasıdır. Sərnişindaşıma Xidməti göstərən bir nəqliyyat vasitəsi olduğu üçün çox mürəkkəb infrastruktura malikdir. Hal-hazırda həmin istiqamətdə tədbirlər davam etdirilir. İnşaat işlərində metro tikintisinin qaydalarına uyğun olaraq son tamamlama işləri aparılır:
«Yaxın zamanlarda metronun "8 Noyabr" stansiyasının, açılışı gözlənilir. Lakin bu, 1-2 gün yox, bir xeyli vaxt aparan prosesdir. Bilirsiniz ki, hazırda ölkə ərazisində pandemiya şəraiti davam edir, Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi qaydalar gözlənilməklə, metropolitenin "8 Noyabr" stansiyasında son tamamlanma işləri davam etdirilir. Çox böyük ehtimalla, burada ilin sonuna qədər açılış olmayacaq. İş təkcə sistemin infrastrukturunu qurmaq deyil, eyni zamanda, onun sınaqlarını da həyata keçirmək nəzərdə tutulur. Çox mürəkkəb sistem olduğu üçün hər biri sərnişindaşımanın təhlükəsizliyi və rahatlığı baxımından ideal səviyyədə olmalıdır».