“İranda polisə dedim ki, İslam sizə bunu öyrədir!?” – Əfqan qaçqın

10:12 11.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qonşu ölkələrdən əfqan miqrantların deportasiyasının davam etməsi ilə Kabildəki miqrant düşərgəsi onların müvəqqəti qəbul mərkəzlərindən birinə çevrilib.

Hafta.az-ın yazdığına görə, miqrantların arasında İrandan deportasiya edilənlərin bir qismi sığınacaq çatışmazlığı, işsizlik və qeyri-müəyyənlik kimi ciddi problemlərlə üzləşdiyindən, müvəqqəti hökuməti vəziyyətlərini təcili həll etməyə çağırırlar.

Doqquz ilini İranda keçirmiş və bu yaxınlarda deportasiya olunan miqrant Əbdül Razaq miqrasiyanın çətinliklərindən söz açıb. Deyib ki, düşdükləri vəziyyəti nəzərə almayan İran polisi onları saxlayaraq ölkədən deportasiya edib.

Artıq iki gündür Kabil düşərgəsində qalan Əbdül Razaq özünün və ailəsinin gələcəyindən narahatdır. "İki gündür düşərgədəyik. Biz yalnız əynimizdəki paltarla gəlmişik, başqa heç nə. Bizə əşyalarımızı yığmağa belə vaxt vermədilər. Onlara dedim ki, “sizə İslam bunu öyrədir?", - Əbdül Razaq deyib.

İrandan deportasiya olunmuş Əbdül Qudus: "Fikirləşirəm ki, indi hardasa çadır qurub sığınmağa məcbur olmuşuq. Amma İslam Əmirliyi məcburi bu vəziyyətə düşmüş ehtiyaclılara kömək etməlidir".

İrandan deportasiya edilmiş digər miqrant Sabur da deyib: "Biz üç nəfər gəldik. Dörd il idi ki, orada idik və bütün mal-varlığımız orada qaldı".

Beynəlxalq Miqrasiya Təşkilatı Əfqanıstanın qonşu ölkələrdən miqrantların məcburi deportasiyasının ən böyük dalğalarından biri ilə üzləşdiyi və təkcə bu il 1,5 milyon insanın deportasiya olunaraq ölkəyə qaytarıldığı barədə xəbərdarlıq edib.