İsveçrə 200 illik neytrallıq siyasətindən əl çəkir?

08:15 18.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın tarifləri İsveçrənin çoxəsrlik bitərəflik siyasətini növbəti dəfə sual altına qoyub. Tramp administrasiyası son tarif paketinin bir hissəsi olaraq İsveçrəyə 39 faizlik rüsum tətbiq edib.

Hafta.az-ın yazdığına görə, “Wall Street Journal”ın təhlili göstərir ki, İsveçrənin 2025-ci ilin iyun ayına kimi ABŞ ilə ticarətində 48 milyard dollar kəsir var. Bu, ilk növbədə əczaçılıq və qızıl ixracının artması ilə bağlıdır.

İsveçrə şirkətlərinin tariflərə görə istehsalı Almaniyaya və ya ABŞ-a köçürməsi planları, həmçinin Avropa İttifaqı ilə münasibətlərin yenidən müəyyənləşdirilməsi hazırda gündəmdədir.

Qəzet həmçinin ABŞ-ın Almaniya və Fransaya tətbiq etdiyi 15 faizlik tariflərin İsveçrənin ticarət rəqabət qabiliyyətini qoruyub saxlamasını çətinləşdirəcəyinə diqqət çəkir.

Vaşinqtonun aqressiv vergi siyasəti və İsveçrənin neytrallığı da yenidən müzakirə olunur. Təhlil göstərir ki, Bern administrasiyası son illər öz neytrallıq siyasətini müdafiə etməkdə çətinlik çəkir. İsveçrənin bank nəhəngi Credit Suisse-nin 2023-cü ildə qalmaqallardan sonra müflis olmasının ölkənin reputasiyasına xələl gətirdiyi bildirilir.

Bu arada Rusiya-Ukrayna müharibəsi də ölkənin 200 illik neytrallıq siyasətini gərginləşdirib. ABŞ-ın keçmiş prezidenti Co Bayden və Avropa liderlərinin təzyiqi ilə İsveçrə Aİ-nin Moskvaya qarşı sanksiyalarına qoşulmağa məcbur olub.

İsveçrə də Trampın tariflərinin təsirini azaltmaq üçün Aİ ilə yaxınlaşmağı planlaşdırır. Təhlil göstərir ki, Aİ ilə vahid bazara çıxış imkanlarını genişləndirən razılaşma gələn il referenduma çıxarıla bilər.

Sürix Universitetindən Stefani Valter aşağıdakı qiymətləndirməni bölüşür: “Neytrallığın sizi bütün təhlükəsizlik təhdidlərindən qoruduğuna dair mif yalandır, çünki neytrallıq yalnız başqaları sizi neytral olaraq qəbul etdikdə əhəmiyyətlidir”.

“The Guardian”ın təhlili onu da qeyd edir ki, İsveçrə öz neytrallıq siyasəti sayəsində “güllə keçirməyən şüşə”dən baxmaq imtiyazına malikdir, lakin bu şüşə Trampın bu addımı ilə sındırılıb. Bildirilir ki, rüsumlar səbəbindən İsveçrənin ABŞ-a mal satışları əhəmiyyətli dərəcədə azala bilər və kütləvi ixtisarlar baş verə bilər.