İtaliya portalında Azərbaycan–İtaliya iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsi haqqında məqalə dərc olunub

16:14 28.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın nüfuzlu “Ilcorrieredisicilia.it” informasiya portalında Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Azərbaycan–İtaliya iqtisadi münasibətləri yeni inkişaf mərhələsində” adlı analitik məqaləsi dərc olunub.

İtaliyan və ingilis dillərində dərc olunan məqalədə Azərbaycanın iqtisadi tərəfdaşı olan İtaliya ilə münasibətlərin yüksələn inkişaf dinamikasından və perspektivlərindən danışılır.

Məqalədə qeyd olunur ki, Azərbaycan Ordusu 28 ildə BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və digər müvafiq təşkilarların reallaşdıra bilmədiyi vəzifəni 44 günə şərəflə gerçəkləşdirərək hərbi, siyasi müstəvidə yeni reallıq yaratdı. Artıq bütün dünyada Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması birmənalı etiraf edilir. Olkəmiz iqtisadi gücü ilə yanaşı, hərbi qudrəti ilə də tanınır. Bütün bu amillər dünyanın müxtəlif dövlətlərinin, tanınmış şirkətlərinin, o cümlədən İtaliyanın ölkəmizə olan marağını daha da artırır.

Müəllif bildirir ki, ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı İtaliya əsl dost mövqeyini nümayiş etdirdi. İtaliyanın parlament nümayəndələrinin müharibənin başa çatmasından sonra, qısa zamanda Azərbaycana səfəri ilə həmrəylik ifadə etməsi ölkələrimiz arasında güclü dostluq münasibətlərinin təcəssümüdür. Senatın və hökumətin nümayəndələrinin Gəncə və Bərdəyə gedərək ermənilərin ballistik kasetli raket hücumu ilə dinc əhaliyə qarşı terror aktlarının nəticələri ilə tanış olması, mətbuatda erməni vəhşiliyinə öz münasibətlərini bildirməsi İtaliya dövlətinin Azərbaycana dəstəyinin, həmçinin beynəlxalq hüquqa, ədalət prinsiplərinə sadiqliyinin inikasıdır.

Analitik yazıda qeyd olunur ki, Azərbaycan və İtaliya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri zamanı mühüm addım atılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib.

Yazıda son illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində uğurlardan, Cənub Qaz Dəhlizindən də bəhs edilir. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaşlığına etibarlı zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır. Cənub Qaz Dəhlizi və layihənin son komponenti olan Trans-Adriatik boru kəmərinin əhəmiyyəti böyükdür. Dəhliz vasitəsilə tezliklə Azərbaycan qazının Avropaya nəqlinə başlanması nəzərdə tutulur. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin böyük perspektivi olduğunu deməyə əsas verir.

Müəllif Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşü olkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsinin əsası kimi xarkterizə edir. Görüş regional və beynəlxalq münasibətlər, həmçinin işğaldan azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması ilə iqtisadi sahədə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair çoxspektrli planların yaradılması, yenidənqurma layihələrinin işlənməsi labüddür.

Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində "Azenerji" ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə enerji infrastrukturunun yaradılmasına töhfəsi kimi qiymətləndirilir: “Türk şirkətlərindən sonra işğaldan azad edilmiş rayonlarımızda yeni layihələrin reallaşmasına dair növbəti müqavilələrin İtaliya ilə bağlanması ölkələrimiz arasındakı dostluğun təzahürüdür”.

Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək” – deyə məqalədə qeyd edilir.