Kamçatka zəlzələsi Pompeylə müqayisədə: "Sahil xətti dəyişdi"

08:40 07.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Elmlər Akademiyasının üzvü Arkadi Tişkov iyulun 30-na keçən gecə Kamçatka sahillərində baş vermiş 8,7 bal gücündə zəlzələnin nəticələrini tarixi Pompey fəlakəti ilə müqayisə edib.

Hafta.az-ın yazdığına görə, TASS-a danışan Tişkov, "Biz əslində nə baş verdiyini yalnız zamanla anlayacağıq. Ona görə də mən həmişə Pompeyi nümunə göstərirəm” deyib.

Tişkovun sözlərinə görə, zəlzələnin təkcə təkanlarla məhdudlaşmayan təsiri sahil xətti, relyef və dənizin dibində əhəmiyyətli dəyişikliklərə səbəb olub. "Bütün yaşayış məntəqələri və torpaq kütlələri dənizin altına batmış ola bilər. Baş verən yenidənqurma bütün regiona təsir edir", - o deyib.

Fəlakətin Berinq, Oxotsk və Yapon dənizlərini əhatə etdiyini qeyd edən Tişkov bu hadisənin Pompeydən daha geniş geoloji təsirə malik olduğunu bildirib.

Zəlzələnin episentri Kamçatka sahillərindən 161 kilometr aralıda yerləşib. Rusiya Geofizika Xidməti zəlzələnin regionda son 70 ilin ən güclü zəlzələsi olduğunu açıqlayıb. Zəlzələlər Yaponiya, ABŞ və Şimali Kuril adalarının sahillərinə çatan sunami dalğaları yaradıb. Alimlərin fikrincə, Kamçatka yarımadası təxminən iki metr yer dəyişib.