Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Nikolay Arefyev kəskin büdcə kəsirinin aradan qaldırılması üçün ölkənin ən varlı oliqarxlarının aktivlərinin milliləşdirilməsini təklif edib. Rusiya mətbuatına açıqlama verən Arefyev “Çətin dövrlərdə istifadə etmək üçün kifayət qədər ehtiyatlarımız var” deyərək, rus milyarderlərin bütün sərvətinin təkcə keçən il 25 milyard dollar artdığını vurğulayıb. Rusiyalı deputat iddia edib ki, bu seqmentin gəlir mənbələrinin milliləşdirilməsi ölkənin mövcud iqtisadi problemlərinin həlli üçün kifayət qədər resurs yarada bilər.
Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, 2025-ci ilin mart ayına Rusiyada dollar milyarderlərinin sayı 146-ya çatıb. Ötən il 21 yeni milyarder əlavə edilib və bu qrupun ümumi sərvəti 48 milyard dollar artaraq 625,5 milyard dollara çatıb. Bu rəqəm demək olar ki, Rusiya Mərkəzi Bankının ehtiyatlarına (632,35 milyard dollar) bərabərdir.
Ancaq bu sərvətin yalnız kiçik bir hissəsi dövlət tərəfindən müsadirə edilib. İndiyədək yalnız milyarder Konstantin Strukovun “Yujuralzoloto” şirkəti milliləşdirilib. Siyahıya 2,9 milyard dollar sərvətlə başçılıq edən “Rusaqro”nun təsisçisi Vadim Moşkov da istintaq altındadır.
KİV-in məlumatına görə, son 3 ildə Rusiyada 3,9 trilyon rubl dəyərində olan zavod və müəssisələr milliləşdirilib. Bu məbləğ Milli Rifah Fondunun likvid hissəsinə (4,1 trilyon rubl) uyğundur. Dövlətin aktivlərinin ələ keçirilməsi prosesi 2025-ci ilin əvvəlindən sürətləndi. Bu il taxıl ixracatçısı “Rodnye Polya”, “Domodedovo” hava limanı, logistika nəhəngi “Raven Russia”, qurğuşun və sink istehsalçısı GMK Dalpolimetall, neft-mədən avadanlığı istehsalçısı “Borets” dövlət mülkiyyətinə keçdi. Bəziləri artıq yeni sahiblərə satılan bu aktivlərdən əldə edilən gəlirdən 2024-cü ildə büdcəyə 132 milyard rubl daxil olub.