Məşhur musiqiçi Rocer Uotersin müqaviləsinə xitam verilib

11:12 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur musiqiçinin İsrail, Ukrayna və ABŞ-la bağlı açıqlamalarına görə, musiqi prodüser şirkəti BMG Pink Floyd-un yaradıcılarından olan Rocer Uoterslə müqaviləni ləğv edib. Almaniyada yerləşən şirkət 80 yaşlı musiqiçi ilə 2016-cı ildə müqavilə imzalayıb.

Hafta.az-ın yazdığına görə, müqaviləsinə xitam verilən Uoters, son aylar Qəzza müharibəsi ilə bağlı söylədiyi fikirlərə görə Qərb ölkələrində antisemitizmdə ittiham edilib. Amma özünə qarşı antisemitizm ittihamlarını rədd edən Uoters, ötən ilin noyabrında verdiyi müsahibədə BMG ilə fikir ayrılığını şirkətin tərəfdaşlarından olan və İsrailin maraqlarını müdafiə edən Bertelsmann-la əlaqələndirmişdi.

“Variety”yə danışan mənbə şirkətin Uotersın iddiasını qəbul etmədiyini, lakin baş direktor Tomas Kosfeldin Bertelsmannla məsələ ilə bağlı görüşdüyünü bildirib.

Keçən il bu vəzifəyə təyin olunan Kosfeld də Bertelsmann-ın sahibi olan ailənin üzvüdür.

Rocer Uoters daha əvvəl Rusiyanın dəvəti ilə BMT Təhlükəsizlik Şurasında çıxış etmiş və Ukraynaya müdaxilənin səbəbsiz olmadığını deyərək reaksiya vermişdi.

Uoters həmçinin ABŞ prezidenti Co Baydeni Ukraynadakı münaqişələri qızışdırdığına görə “müharibə cinayətkarı” adlandırıb.

Ötən ilin mayında Berlində verdiyi konsertdə nasist geyimində görünən məşhur musiqiçi o zaman antisemitizmdə ittihamlanıb. Musiqiçi konsertdəki obraz və metaforaların zalım rejimləri və faşizmi şübhə altına almaq üçün istifadə edildiyinə diqqət çəkib.