Dünyada sürətlə baş verən qloballaşma və inteqrasiya prosesləri hər bir millətin milli kimliyinə sahib çıxmasının vacibliyini gündəmə gətirir. Qeyd edək ki, hər bir xalqın milli kimliyi dedikdə, ilk növbədə, onun təmsil etdiyi ölkənin vətəndaşlarının özünü indifikasiyası başa düşülür. Ölkəmizdə bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır. Dövlətimiz öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, dilimizin saflığının, təmizliyinin, milli dəyərlərimizin, adət və ənənələrimizin, milli dövlətçiliyimizin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla paralel olaraq mənəvi dəyərlərin qorunması siyasəti yürüdülür ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib.
O ki qaldı milli kimliyin formalaşması məsələsinə, bu proses bir sıra məqamlara əsaslanır. Bunlar milli kimliyin milli dövlətçilik ideologiyası üzərində qurulması və dövlətçiliyə xidmət etməsi, milli kimliyi formalaşdırarkən tarixi inkişafın nəzərə alınması, milli kimliyin milli və mənəvi dəyərlərin qorunması ilə müasir dövlət quruculuğunun sintezi və balanslaşdırılması üzərində qurulmasından ibarətdir.
Milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır, insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik kimi hisslər önəmli rol oynayır. Odur ki, gənclər arasında bu xüsusiyyətlərin formalaşdırılması nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır.
Dövlətin yüksəksəviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində fəal iştirak edir. Biz 44 günlük Vətən müharibəsi dönəmində bunu daha dərindən hiss etdik. Belə ki, son 17 il ərzində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlər bizə savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bəxş etdi. Müharibə dövründə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazıldı, orduda bir nəfər də olsun fərari olmadı. Hətta yaralı əsgərlərimiz belə döyüş meydanından çıxmır, son damla qanına qədər düşmənə qarşı döyüşməyi özünə şərəf bilirdi. Nəticədə Ermənistan vətənpərvər, cəsur və qorxmaz Azərbaycan gəncliyinin önündə diz çökərək məğlubiyyətə uğradı.
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi üçün mütəmadi olaraq işlər aparılmalıdır. Onun fikrincə, vətənpərvərlik, vətənin tərəqqisi ilə bağlı dəyərlər həmişə öndə olmalıdır: “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində işlər aparmağa həmişə ehtiyac var. Ümumiyyətlə, vətənpərvərlik hislərinin arzuedilən səviyyədə olması üçün 4 mühüm amilə ciddi fikir vermək lazımdır. Birincisi, insanların özlərinin fərdi, şəxsi, psixoloji xüsusiyyətləridir ki, bu cəhətdən xalqımızda yaxsı potensial var. Mədəniyyətimizdən, folklorumuzdan, adət-ənənələrimizdən irəli gələrək xalqımızın vətənpərvərlik hissləri həmişə güclü olub. İkinci amil mühitdir. Mühit bu xüsusiyyəti ya inkişaf etdirə bilər, ya da əksinə, maneə ola bilər. Təəssüf ki, indiki mühitdə arzu olunmayan problemlər çoxdur. Tərəqqimizə kömək edəcək vətənpərvərlik hisslərini yüksəltmək üçün xeyli dəyişikliklər etməyimizə ehtiyac var. Bakı elə bir şəhərdir ki, burada xatırlatma üçün lap qədim tariximizdən indiyə qədər gözəl heykəllər, arxtitektura nümunələri olmalıdır. Neçə illərdir xeyli təkliflər irəli sürülüb. Bakıya gələn adam hiss etməlidir ki, hansı tarixə malik ölkəyə gəlib. Bu sahədə problemlərimiz var. Bakıda vətənpərvərlik hissini sağlam istiqamətdə inkişaf etdirən belə monumental əsərlərə böyük ehtiyac var. Üçüncü amil isə informasiyanın məzmunu və intensivliyidir. Biz gənclərimizə, əhaliyə vətənini daha çox sevməsi üçün hansı məlumatı veririk? Deyək ki, azərbaycançılıq ideyasından danışırıq. Amma bunu, sadəcə olaraq, dekorativ danışırıq. Adam azərbaycançı olması üçün, gərək, Azərbaycanın tarixini yaxşı bilsin. Orta əsr Azərbaycan mədəniyyəti dünyada ən nüfuzlu yer tuta bilən mədəniyyətdir. Nizami, Nəsimi, Füzuli, Tusi kimi xeyli insanlarımız var ki, orta əsrdə onlar dünyanın inkişafına yön veriblər. Ümumiyyətlə, bura Türk Dünyasının liderlərini də əlavə etsək, bu sahədə gənclərimizləin söhbət aparsan, görürsən ki, çoxu məlumatsızdır. Azərbaycanın tarixini yaxşı bilmədən necə azərbaycanlı olmaq olar? Sabah xaricə gedəndə tariximizi bilmədən ölkəmizi necə təbliğ edəcəklər? Dördüncü amil üstünlük verilən dəyərlərdir. Vətənpərvərlik, vətənin tərəqqisi ilə bağlı dəyərlər gərək daha öndə olsun. Mədəniyyətimizlə bağlı dəyərlərə gərək daha çox üstünlük verək. Təəssüf ki, bu istiqamətdə arzuedilən işlər getmir. Müsbət tərəfi odur ki, xalqımızda vətənpərvərlik hissi güclüdür. 44 günlük Vətən Müharibəsində gənclərimizin özlərini fəda etmələri göz qabağında idi. Bütün dünya bunu alqışladı. Deməli, çox böyük potensialımız var. Bu potensialı inkişaf etdirmək üçün elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalı, bu istiqamətdə sistemli şəkildə işlər getməlidir”.
Mövzu ilə bağlı millət vəkili Müşfiq Cəfərov isə qeyd edir ki, milli mənlik şüurunun formalaşması üçün illər lazımdır: “Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün 2-3 il bəs etmir, bunun üçün illərə ehtiyac var. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin və cəmiyyətin qarşısında duran böyük bir vəzifədir. Bütün dövrlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu, istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc mənsub olduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Azərbaycan gəncliyi öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olması ilə həmişə sayılıb-seçilib. Hətta bu sahədə çox vaxt başqalarına nümunə olub. Azərbaycanın dövlət müstəqilliyi qazanmasında gənclərimizin rolu az olmayıb. Milli Azadlıq Hərəkatında yüzlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışıb və bunun üçün meydanlara axışıb. Günlərlə, aylarla mitinqlər keçirib. Azərbaycan gəncliyi vətənpərvər ruhu ilə yanaşı, mübariz xaraketerə də malikdir. Buna 44 günlük Vətən Müharibəsi zamanı da şahid olduq”.
Millət vəkili vurğulayır ki, gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində ziyalılar, qələm sahibləri, sənətkarlarla yanaşı, pedaqoqların da roluna böyük ehtiyac var: “Hər bir insanın tərbiyəsi körpəlikdən formalaşmağa başlayır. İlk vətənpərvərlər məktəbdə yetişir. Azərbaycan məktəblərinin bir çoxu şəhid və Milli Qəhrəmanların adını daşıyır, bu təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsi çox güclü şəkildə təbliğ olunur. Cəmiyyətin aynası sayılan mətbuatın, xüsusən də televiziyaların bu sahədə görəcəyi işlər çoxdur. Gənclərin milli köküstə, vətənsevər, humanist bir insan kimi yetişdirilməsində müasir KİV-lərin böyük rolu ola bilər. Televiziyalar milli mənlik şüurunun təbliğatına daha çox yer ayırmalıdır. Bu mövzuda filmlər, proqramlar, intellekt oyunları, diskussiyalar keçirilməlidir ki, gənclər nəsə götürsün. Gənclər bu dövlətin, xalqın gələcəyini quran, onun təəssübünü çəkən, yurdumuzun sərhədlərini qoruyan vətəndaşlarımızdır. Onlar sağlam, qayğısız şəkildə yetişdirilməlidir. Cəmiyyətin bütün təbəqələri gənclərin milli-mənəvi və vətənpərvərlik ruhda yetişməsi üçün təbliğat işi aparmalıdır”.