Ölkəmizdə müəllimlərin maaşının yetərli olub-olmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Yanaşı olaraq, müəllimlərin illik əməkhaqqı Avropa ölkələrində bu peşəni çalışanların aldığı illik məvaciblə müqayisə edilir. Bir də, belə bir anlayış var ki, kənd məktəblərinin müəllimləri, şəhərdəki tədris ocaqlarında çalışan müəllimlərdən daha artıq maaş alırlar. Hazırda müəllimlərin yerdəyişməsi, işə qəbulu ilə bağlı proseslərin yaşandığı bir zamanda müəlimlərin əməkhaqlarının necə hesablandığı maraq doğurur.
Məsələ ilə bağlı hafta.az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirdi ki, müəllimlərin əməkhaqqı tarifi müxtəlif ərazilərə görə fərqlidir:
“Burada standart şəkildə "H1" və "H2" hesablama aparılır. Bundan başqa, müəllimlərin əməkhaqqılarına dəstək olacaq digər məqam onların vəzifələridir. Yəni, ibtidai sinif müəllimliyi, direktor müavinliyi, və yaxud digər üstünlüklər maaşlara müəyyən qədər təsir göstərir. H2 uzaq ərazilərdə tədrislə məşğul olan müəllimlərə şamil edilir və həmin şəxslər bir qədər daha yüksək məvacib əldə edirlər. Belə müəllimlərin, ev kirayəsi, kommunal xərcləri də maaşın üzərində əlavə olaraq hesablanır. Tutaq ki, müəllim yaşayış yerini tərk edib, daha uzaq məktəblərdə dərs deməyə gedirsə, onun maaşı daha yüksək əmsalla hesablanır. Digər müəllimlərdə isə H1 ilə götürülür”.
Müəllimlərin dərs saatına gəldikdə isə, ekspertin sözlərinə görə, müəllimlərdə dərs normativi 18 saat olaraq götürülür. Həmin saata görə də maaş tənzimlənir. Təbii ki, özəl məktəblərdə maaşlar hər zaman dövlət müəsisələrindən bir xeyli yüksəkdir:
“Belə olduğu halda müəllim, 450-500 manat civarında maaş alır. Təbii ki, bu rayon məktəbidirsə, o zaman başqa yerdən həmin rayona dərs keçməyə gedən müəllimin gəlirinə əlavə olaraq kommunal və kirayə ev xərci əlavə edilir. Bakı şəhərində 18 saat dərs deyən müəllimlər 450-500 manat əməkhaqqı alır. Ümumillikdə isə paytaxtda işləyən müəllimlərin maaşı ilə, rayonlarda çalışan müəllimlərin maaşı arasında fərqlər var. Rayonlarda maaşlar bir qədər yüksəkdir. Təbii ki burada dövlət müəssisələrindən söhbət gedir. Özəllərdə sistem tamamilə fərqlidir. Özəl tədris müəssisələrinin müəllimləri istər rayon, istərsə də şəhər məktəbində dərs keçən müəllimdən daha yüksək məvacib alırlar. Rayon məktəbində dərs demək həvəsləndirici xarakter daşıdığından burada maaş bir qədər fərqli olur”.
Nəzərinizə çatdıraq ki, hazırda müəllim maaşı ən yüksək olan ölkələr siyahısına İsveçrə, Lüksemburq, Kanada və Almaniya kimi inkişafetmiş dünya dövlətləri başçılıq edirlər.
2021-ci ilin statistikasına əsasən, ölkələr üzrə müəllimlərin orta illik qazancı isə belədir: Estoniya 12 306 dollar, Slovakiya 12 858 dollar, Macarıstan 13 115 dollar, Polşa 16 506 dollar, Meksika 19 590 dollar, Çexiya 20 185 dollar, Çili 23 623 dollar, Türkiyə 25 189 dollar, Yunanıstan 28 184 dollar, Sloveniya 32 193 dollar.