Müharibə başlayandan avro 14 faiz ucuzlaşıb

11:06 16.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Avro dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1,13 məzənnəsi ilə dəyişdirilən arvo artıq 1,04 kursunadək ucuzlaşıb. Bu, avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir".
 
Hafta.az-ın yazdığına görə, bunu tanınmış iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avronun ucuzlaşması daha çox sanksiyaların Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da, dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas amillərdəndir.
 
"Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür, digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb.
Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım olub. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək infilyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7,5 faizə yüksəlib. 2022-сi il üçün 3,7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir" deyən V.Bayramova görə, müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək.
 
"Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görünmür. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində reallıqdan uzaqdır. Müharibənin ən çox mənfi iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır", - deyib V.Bayramov.
Oxunma sayı 214