Naxçıvana dron hücumu britaniyalı deputatı narahat edib

08:09 19.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Parlamentdə Azərbaycan üzrə işçi qrupun sədri Bob Bləkmən Britaniya hökumətinə ünvanladığı yazılı sorğuda İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra Britaniyanın strateji tərəfdaş olan Azərbaycanı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləmək üçün hansı addımları atdığını soruşub.

Hafta.az xəbər verir ki, suala cavab olaraq Britaniya XİN-də Avropa üzrə dövlət naziri Stefen Douti matın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdığını və Naxçıvan aeroportu və yaxınlıqdakı ərazilərə İranın qəbuledilməz dron hücumları fonunda ölkəsinin Bakıya tam həmrəylik ifadə etdiyini xatırladıb.

Diplomat Britaniyanın Azərbaycanın təhlükəsizliyini təhdid edən və regional stabilliyə zərər verən bu cür hücumları pislədiyini əlavə edib.

Dövlət naziri, həmçinin Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı zamanı ölkəsinin Azərbaycan və Ermənistanın regionda daimi sülh və stabillik naminə davam edən səylərini tam dəstəklədiyini də nəzərə çatdırdığını qeyd edib.