Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında ("Cənub Qaz Dəhlizi", Azərbaycan Beynəlxalq Bankı və SOCAR istiqrazlarını çıxmaq şərti ilə) 2022-ci il 31 mart tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.
Hafta.az-ın ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 31 mart 2022-ci il tarixinə qeyd olunan göstərici 67,5% təşkil edib, bu da 31 dekabr 2021-ci ilə olan göstərici ilə müqayisədə 5% bəndi çoxdur.
Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 14,5%-i "AA" reytinqli, 11,1%-i "A" reytinqli, 6%-i "BBB" reytinqli, 0,9%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.
Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 29,9%-i 0-1 il, 31,4%-i 1-3 il, 17,3%-i 3-5 il, 21,4%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib.
Qeyd edək ki, 2022-ci ilin 31 mart tarixinə ARDNF-nin investisiya portfeli 45 263,33 mln. dollara bərabər olub.