İspaniyada yaşadığı dövrdə - 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda ittihamlanan Şakiraya qarşı yeni vergidən yayınma ittihamı irəli sürülüb və noyabrın 20-də Barselona Əyalət Məhkəməsində işə baxılacaq.
Hafta.az-ın yazdığına görə, prokurorluq 2018-ci ildə kolumbiyalı müğənninin gəlir və əmlak vergisi ilə bağlı iddia edilən qanun pozuntusu ilə bağlı araşdırmasını başa çatdırıb və o zaman Şakiranın İspaniya Xəzinədarlığından 5,3 milyon avro vergidən yayınması ilə bağlı ittiham irəli sürüb. İkinci ittihamla bağlı prokurorluq Şakiraya hazırda yaşadığı Mayamidən videokonfrans vasitəsilə ifadə vermək imkanı verib.
Digər tərəfdən, 2012, 2013 və 2014-cü illərdə keçmiş futbolçu Xerard Pike ilə birlikdə Barselonada yaşadığı dövrlə əlaqədar, gəlir və əmlak vergisindəki pozuntularla 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakira 8 il 2 aya qədər həbs və 23,8 milyon avro cərimə cəzası alıb.
Ümumilikdə 12 dinləmənin olacağı və dekabrın 14-də yekunlaşacağı gözlənilən işdə şahid qismində 200-ə yaxın şəxsin adı yazılıb.
Şakira 183 gündən çox İspaniyada yaşadığı üçün bu ölkənin qanunlarına görə vergi ödəyicisi olub.
Prokurorluğun məlumatına görə, İspaniyada vergi ödəməmək üçün Şakira öz gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlədərək Britaniyanın Vircin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkətlər şəbəkəsinə keçirib.
Kolumbiyalı müğənni vəkili vasitəsilə aparılan ilkin danışıqlarda Maliyyə Nazirliyi ilə razılaşmanı qəbul etməyib, ittihamlarla razılaşmayıb və məhkəmə çəkişməsinə üstünlük verib.