Ömrünü Bakıya həsr etmişdi... - Yozef Qoslavskinin vəfatından 119 il ötür

11:30 15.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Bu gün zamanında Bakı şəhərinin inkişafında böyük xidmətləri olan polşalı memar və mühəndis Yozef Qoslavskinin vəfatından 119 il ötür - o, 1904-cü il yanvarın 15-də gözlərini həyata əbədi yumub.
 
Hafta.az-ın yazdığına görə, “Qafqazın Rastrellisi” kimi tanınan Yozef Qoslavski 1892-1904-cü illərdə Bakının baş memarı olmub, Azərbaycan paytaxtında bu gün də mövcud olan bir çox mühüm tikililərin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin binası, keçmiş Müsəlman Qızları Məktəbinin binası (indiki Əlyazmalar İnstitutu), Tağıyev Sarayı (indiki Azərbaycan Tarixi Muzeyi) və bir çox başqalarının müəllifi olub və sair.
 
 
Bir az bu məşhur şəxsiyyətin həyatına nəzər salaq:

Yozef Qoslavski 1865-ci ildə Varşava Qubernatorluğunda Vinsent və Emilia ailəsində anadan olub. Onun adları dəqiq bilinməyən daha iki qardaşı varmış.

Orta məktəbi bitirdikdən sonra İmperator Rəssamlıq Akademiyasına daxil olan Yozef artıq təhsil aldığı müddətdə böyük istedad və çalışqanlıqla yanaşı, qarşısına qoyduğu məqsədə çatmaq bacarığı da nümayiş etdirib. O, 1890-cı ilin mayında 10-cu dərəcəli vəzifəli şəxs səlahiyyətləri ilə dövlət mühəndisi olaraq Akademiyanı bitirib. Məzun olduqdan sonra - 1891-ci ildə bacarığı nəzərə alınaraq akademik R.R.Marfeldin təqdimatı əsasında Daxili İşlər Nazirliyinin tikinti komitəsində işə götürülməsi bu gəncin böyük uğuru sayıla bilər.

Gənc Qoslavskinin vəzifəsi Marfeldin eskizlərinə əsasən işçi çertyojları çəkmək, bütün materialları sadalamaq və xərclər smetasını hazırlamaq olub. 1892-ci ildə Qoslavski öz bacarığına arxayın olaraq Bakının memarı vəzifəsinə təyin olunmağı xahiş edir. Bu xahişi Marfeld də dəstəkləyib və 27 yaşında Qoslavski belə yüksək və məsul vəzifəni tutur və bundan sonra Bakının görkəmi tamamilə dəyişməyə başlayır...

Tədqiqatçıların fikrincə, o illərdə tarixinin ən böyük tikinti bumunu yaşayan şəhərdə memarlıq nizamından söz düşərkən yalnız Qoslavski dövründən danışmaq olar. Sankt-Peterburq İmperator Memarlar Cəmiyyətinin orqanının “Zodczij” (“İnşaatçı”) saylarından birində “Qoslavski tikintiyə elə bədii elementlər gətirdi ki, hər bir yeni tikinti onu daha böyük planların həyata keçirilməsinə yönəldir”.

Başqa bir müəllif isə yazırdı: "Qoslavski o vaxtdan böyük layihələr və tikintilərlə yadda qalan Bakıda memarlığı canlandırdı".

Yozef Qoslavski vəzifəsindən istifadə edərək Bakının memarlığı, xüsusən də burada istifadə olunan daş çeşidləri ilə yaxından tanış olub. Onun istedadı və biliyi nəticəsində Bakı üçün ən böyük və ən vacib binalar böyük sürətlə tikilirdi. O, 1893-cü ildən 1900-cü ilə qədər yeddi il ərzində istənilən Avropa paytaxtının fəxri ola biləcək Bakı üçün əsas sayılan 12 binanın layihələndirilməsi və ucaldılması ilə məşğul olub. Yozef Qoslavski Bakının bütün ən mühüm ictimai binalarının layihələndirilməsi ilə yanaşı, həm də şəhərin ən varlı adamı və xeyriyyəçisi Zeynalabidin Tağıyevin “tam ürəyinə yatan” memarı idi. Bunun nəticəsidir ki, Tağiyevin sarayları və dükanları günümüzdə də ictimai funksiyaları yerinə yetirməkdədir.

Ancaq hər kəsin taleyi bir cürə sonlanır. Yozef Qoslavskidə 1891-ci ildə vərəm xəstəliyi aşkarlanır, səhhəti get-gedə ona daha çox əziyyət verməyə başlayır və bu da şübhəsiz ki, ağır iş sayəsində daha dözülməz təsir edir. 1902-ci ildə Bakı Şəhər Sovetinin binasının (indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası) tikintisi başa çatan kimi, Qoslavski səhhətinə görə vəzifədən azad edilməsini xahiş edir (Qoslavski azad edilir, yerinə isə polyak məsləkdaşı, memar Kazimierz Skorevicz təyin olunur).

Yozef Qoslavski 1904-cü ildə 40 yaşında vəfat edib, Məşhur memar köhnə Bakı qəbiristanlığında (Çəmbərəkənd qəbiristanlığı) dəfn edilib. Amma 1930-cu illərin sonunda qəbiristanlıq kommunist hakimiyyət tərəfindən bağlanır və bir neçə il ərzində tamamilə dağıdılır. Bu səbəbdən də onun qəbrinin dəqiq yeri məlum deyil.

Bəli, ömrünü Bakının inkişafına həsr edən Yozef Qoslavski 119 il öncə aramızdan əbədi olaraq ayrıldı, amma tikib-yaratdığı daş əsərlər bu gün də xalqımızın və əcnəbi qonaqlarımızın gözlərini qamaşdırmaqdadır. Bu tikililərdən məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin, Əlyazmalar İnstitutunun (keçmiş Müsəlman Qızları Məktəbinin), Tağıyev Sarayı (indiki Azərbaycan Tarixi Muzeyi), Tağıyev Toxuculuq Fabrikinin, daha neçə-neçə inzibati və yaşayış binasını göstərə bilərik.

Azərbaycan Prezidentinin 2006-cı ildə imzaladığı fərmana əsasən Yozef Qoslavskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Mirzə İbrahimov küçəsi, 11) xatirə lövhəsi vurulub.