Ötən il Rusiya əhalisi 600 min nəfər azaldı

09:50 25.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) 2024-cü il üçün demoqrafik məlumatları açıqlayıb. Rəsmən “Ailə ili” elan edilən 2024-cü ildə əhali itkisinin qarşısını almaq mümkün olmayıb. Əhali bir il ərzində 600 min nəfər azalıb. Rəsmi məlumatlara əsasən, Ukrayna müharibəsində həlak olan əsgərlər bu rəqəmə daxil edilməyib.

Hafta.az-ın “Rosstat”a istinadən yazdığına görə, 2024-cü ildə ölkədə 1 milyon 222 min 408 körpə doğulub. Bu rəqəm əvvəlki illə müqayisədə 3,4 faiz azaldığını göstərir. Eyni dövrdə ölənlərin sayı 1 milyon 818 min 635 olaraq qeydə alınıb ki, bu da 2023-cü ilə nisbətən 3,3 faiz artım deməkdir.

Mütəxəssislər doğumun azalmasının qadın əhalisinin yaş strukturunun dəyişməsi, ölüm nisbətinin artması isə cəmiyyətin ümumi qocalması ilə əlaqələndirilir.

Ölkədə nikahların sayı azalmaqda davam edir.

“Rosstat”ın hesabatına görə, 2024-cü ildə 880 min nikah qeydə alınıb. Bu rəqəm 2023-cü illə müqayisədə 9,3 faiz azalma deməkdir.

Eyni zamanda boşanmaların sayı 5,7 faiz azalıb.