Ukraynanın işğalı əməliyyatlarında, xüsusən dinc əhaliyə qarşı qətliamlarda fəal iştirak edən Rusiyalı dələduz iş adamı, “Vaqner” özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojin gözlənilmədən Ağ Evə məktub yazıb. Məktub Con Kirbiyə ünvanlanıb.
Hafta.az bu haqda “TSN”-ə istinadla xəbər verir.
Məktubu “Putinin aşpazı” adlandırılan Priqojinin mətbuat xidməti dərc edib.
O, ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbiyə öz lakonik məktubunu rus və ingilis dillərində yazıb.
“Hörmətli cənab Kirbi, sizə sualım var: “Vaqner” ÖHŞ-in hansı cinayəti törətdiyini deyə bilərsiniz”, - mətndə soruşulur.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi "Vaqner"i beynəlxalq cinayət təşkilatı kimi tanıyır. Kirbinin sözlərinə görə, bu ÖHŞ-yə qarşı sanksiyalar genişləndiriləcək. O, hesab edir ki, hazırda Ukraynada qruplaşmanın təxminən 50 min döyüşçüsü: 10 min müqaviləli əsgər və 40 min məhkum var.