Qatarda rus sərnişin ukraynalı ailəyə hücum etdi

10:52 17.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrədə qatarda səyahət edən ukraynalı ailə ukraynaca danışdığı üçün başqa bir sərnişinin hücumuna məruz qalıb.

Hafta.az-ın yazdığına görə, rusdilli kişi tərəfindən təhdid edilən ailə üzvü Olena Dudnik oğlu və əri ilə İnterlaken-Spitz qatarında səyahət edərkən baş verənləri videoya çəkib. Dudnik hadisəni belə izah edib:

“Mübahisə ona görə başladı ki, bu adam mənim ərimlə ukrayna dilində danışdığımı eşitdi. Həyat yoldaşım İsveçrədə anadan olub, İsveçrə vətəndaşıdır və ailəsi əslən Belarusdan olduğuna görə ukrayna dilini çox gözəl başa düşür. Videoda bizə qarşı yönəlmiş bütün təhdidləri, manipulyasiyaları, aqressiyaları görə bilərsiniz. Fiziki zorakılıq baş verdi. Xəbərdən sonra polis gəlib” deyən Dudnik qeyd edib ki, videoda təcavüzkarın ailəni söyüb təhqir etməsi, əl hərəkətləri etməsi, sonra isə onların üstünə yeriməsi əks olunub. İsveçrə polisinin hadisə yerinə gəlməkdən çəkindiyini bildirən Dudnik, adamı ittihamlamazdan əvvəl qatar qeydlərini nəzərdən keçirməyi gözlədiklərini bildirib.

Video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Ukrayna Xarici İşlər Nazirliyi hərəkətə keçib. Nazirliyin sözçüsü hadisəni "dəhşətli" adlandıraraq, "Rusdilli bir şəxsin İsveçrə qatarında ukraynalı ailəyə sözlə təhdid etməsinin videosu dəhşətlidir. Bu, qəbuledilməzdir və etnik nifrətdir. Biz İsveçrə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq bildirmişik ki, bu cür hallara dözmək olmaz” deyib.