Azərbaycan dövləti 3 ildən artıqdır ki, tarixi zəfərin növbəti səhifəsi olan “Böyük Qayıdış” Proqramını həyata keçirir. Şəhər və kəndlər yenidən qurulur, həmin ərazilərdə elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturlar yaradılır. Bu məqsədlə ötən 3 ildə dövlət büdcəsindən 12 milyard manat vəsait xərclənib.
Cari ilin I yarısında isə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 64,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 42,9 faizinə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz çoxdur.
Xatırladaq ki, “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biridir. Bu məqsədlə qəbul və icra olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş bütün hədəflər öz axıcı ritmi ilə yerinə yetirilməkdədir. Qeyd edilən hədəf müddətində 34 min 500 ailənin doğma torpaqlarında layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərdə iqtisadi inkişaf layihələri icra olunacaq, insanların sahibkarlıq və kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olması, digər irimiqyaslı sərmayə proqramlarının həyata keçirilməsi, həmin bölgənin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində ardıcıl addımlar atılacaqdır.
“Böyük Qayıdış”la Qarabağda turizm sektoru da canlanır. Müşahidələr göstərir ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanda turizm bölgələrinə təlabatı dəyişib. Bir zamanlar turistlər daha çox şimal və cənub bölgələrinə üstünlük verirdilərsə, son illər əsrarəngiz və gözəl təbiətə malik Qarabağa turistlərin marağı artıb. Hətta bu ərazilərə fərdi avtomobilləri ilə səyahət edən şəsxlərin sayında da artım var. Məsələn, son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında artıb baş verib. Rəsmi məlumata əsasən, təkcə ötən ay Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində qonaqlayıb. 2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Qeyd edək ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir.Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib.
Mövzu ilə bağlı turizm üzrə eksperti Ceyhun Aşurov da bildirib ki, hazırda turistlərin böyük əksəriyyəti işğaldan azad olunmuş ərazilərə səyahət edirlər: "Məlumdur ki, aidiyyəti qurumlar tərəfindən bu bölgələr üçün müəyyən marşrutlar təyin olunub və beləliklə, artıq bir neçə günlük turlar təşkil edilir. Ölkə daxilində həmin ərazilərə böyük maraq var. Bura səyahət imkanları artdıqca insanlar o bölgələri görmək üçün can atırlar. Təsadüfi deyil ki, ötən dəfə bayram ərəfəsində 5 minə yaxın insan öz şəxsi maşını ilə, 20 minə yaxın turist isə digər vasitələrlə bu ərazilərə səyahət edib. Əsasən Laçın, Kəlbəcər, Şuşa, Xankəndi şəhərlərinə üstünlük verilir. Azərbaycan vətəndaşları da daxil olmaqla, xüsusi icazə üçün xeyli sayda şəxs müraciət edib".
Ekspert həmçinin qeyd edib ki, səyahət edənlərin çoxu öz dədə-baba ocaqlarını, doğma yurdlarını görmək istəyənlərdir: "Qalan səyahətçilər isə bizim digər bölgələrimizin sakinləridir ki, Qarabağ torpaqlarını yaxından görmək, müharibədən sonrakı dövrlə tanış olmaq istəyirlər. Onu da nəzərə alaq ki, işğaldan azad olunmuş bölgələrdə hələ kifayət qədər qalmaq üçün yerlər inşa olunmayıb. Daha çox turistin orada yerləşdirilməsi, qidalanması ilə bağlı məsələlər elə də asan deyil. Buna görə də orada qısamüddətli turlar daha çox təşkil edilir. Ümumi götürdükdə isə ölkədə turizm aktivliyi kifayət qədərdir".
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, hazırda azad olunmuş ərazilərdə turizm fəaliyyətlərini təmin edən infrastruktur - nəqliyyat, yerləşdirmə vasitələri, qidalanma müəssisələri, enerji təchizatı və sair işlər aparılır: "İşğaldan azad edilmiş ərazilərin yüksək turizm potensialı var, burada bir çox turizm ehtiyatları cəmləşib. Diqqət yetirsək görərik ki, Qarabağ ərazi boyunca su hövzələri, meşəli dağlar, mənzərəli məkanlar, kanyonlarla zəngindir. Təbii və antropogen resurslarla zəngin bu ərazilərdə müxtəlif turizm fəaliyyətlərinin inkişafı üçün əlverişli şərait mövcuddur. Balneoji resurslar, tarixi-mədəni abidələr, ləziz mətbəx, folklor və s. bu sırada sadalamaq olar".
Ekspertin fikrincə, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi turizm sənayesinin inkişafına yeni nəfəs verir: "Azərbaycan təxminən 15 il öncə turizm sənayesinin inkişafına demək olar ki, ikinci nəfəs verdi. Ölkədə turizm infrastrukturunun yaradılması ilə yanaşı, irimiqyaslı, möhtəşəm tədbirlərin keçirilməsinə başlanıldı. Bunlar olduqca vacib və zəruri addımlar idi. Belə tədbirlər ölkənin tanıdılmasında, yeni turizm destinasiyası kimi formalaşmasında xüsusi rol oynayır".
S.Dübəndi onu da vurğulayıb ki, yaxın zamanda Qarabağ ərazisində Milli Parkların yaradılması da gündəmdədir: "Hesab edirəm ki, xüsusi mühafizə olunan təbii ərazilərin yaradılması vacibdir. Bu ərazilərdə ciddi ekoloji reqlamentlərə riayət edərək ətraf mühiti, bioloji müxtəlifliyi qoruyaraq ekoturizm fəaliyyətlərinin yaradılması istiqamətində vacib mərhələ hesab edilə bilər. Artıq Azərbaycan Ekoturizm Assosiasiyasının fəalları bir neçə dəfə Qarabağa ezam edilib və doğma yurdda ekoturizm potensialının qiymətləndirilməsi üçün müvafiq işlərin aparılmasına start veriblər. Əminəm ki, Azərbaycan yüksək ekoloji mədəniyyət nümayiş edərək yaxın gələcəkdə dünyaya ekoturizm destinasiyaları ilə də açıla biləcək".
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyindən bildirilib ki, azad edilmiş ərazilərdə turizm əsas iqtisadi fəaliyyət sahələrindən biri kimi müəyyənləşdirilib: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var və bu potensial imkan verir ki, biz bu əraziləri Azərbaycanın əsas turizm zonalarından birinə çevirək. Azad edilmiş torpaqlarda turizm əsas iqtisadi fəaliyyət sahələrindən biri kimi müəyyənləşdirilib. Bunun üçün orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilmişdir. Bununla yanaşı, proqramın hədəf göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrinə əlavə edilmişdir. Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında Dövlət Turizm Agentliyinin “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı” təsdiq edilmişdir. İnstitusional inkişaf çərçivəsində cənab Prezidentin Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi haqqında Fərmanına əsasən işğaldan azad edilmiş ərazilər üzrə “Qarabağ Regional Turizm İdarəsi”nin yaradılmasını qeyd edə bilərik. Cənab Prezidentin Sərəncamı ilə iyun ayında “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması və Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Bütövlükdə, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm imkanları qiymətləndirilir və turizm potensialına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir”.