“QHT-lər üçün dövlət büdcəsi hesabına qrant proqramı yaradırıq” - İrakli Kobaxidze

11:21 09.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcü qeyri-hökumət təşkilatları üçün tam şəkildə gürcü vergi ödəyicisinin pulu ilə Gürcüstanın dövlət büdcəsindən maliyyələşdiriləcək qrant proqramının yaradılması haqqında qərar qəbul etmişik”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, bir neçə gün bundan əvvəl “Xarici təsirin şəffaflığı haqqında” qanunla nəzərdə tutulmuş reyestrdə qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması ilə bağlı müraciətlərin qəbulu başa çatıb.

“Gürcüstanın Ədliyyə Nazirliyinə 450-dən çox qeyri-hökumət təşkilatı, yəni xarici maliyyə ilə fəaliyyət göstərən təşkilatların böyük hissəsi müraciət edib. Mən bu təşkilatların hər birinə cəmiyyət qarşısında göstərilən mülki məsuliyyətə görə təşəkkür etmək istəyirəm. Bu faktla sübut olundu ki, xaricdən maliyyə almaq avtomatik olaraq xarici qüvvənin mənfi maraqlarını güdmək mənasına gəlmir. Gizlədəcək heç nəyi olmayan, şəffaflıqdan qorxmaz. Gürcüstanda siyasi gündəm yaratmağa çalışmayan, inqilabi planların həyata keçirilməsində iştirak etməyən, ölkənin dini kimliyini sarsıtmağa çalışmayan, LGBT təbliğatı ilə məşğul olmayan, strateji iqtisadi obyektlərin tikintisi üçün süni maneələr yaratmayan xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının qeydiyyatdan çəkinməməsi məntiqlidir”, - Baş nazir qeyd edib.

O bildirib ki, qeyri-hökumət təşkilatlarının qeydiyyatı prosesinin aktiv təzyiq və şantaj fonunda baş verməsi diqqətəlayiqdir.

"QHT-lər, eləcə də ayrı-ayrı xarici donor təşkilatları qeyri-hökumət təşkilatlarını təhdid və şantaj edirlər. Bir çox qeyri-hökumət təşkilatlarını müəyyən xarici donorlar Gürcüstanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçəcəkləri təqdirdə maliyyənin dayandırılacağı ilə hədələyirlər. Bu fonda və ümumiyyətlə, ölkənin maraqlarından irəli gələrək, gürcü qeyri-hökumət təşkilatları üçün tam şəkildə gürcü vergi ödəyicisinin pulu ilə Gürcüstanın dövlət büdcəsindən maliyyələşdiriləcək qrant proqramının yaradılması haqqında qərar qəbul etmişik”, - İrakli Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə əsasən, qrant fondunun yaxşı işləməsi üçün lazımi institusional və maliyyə əsasları yaxın iki ay ərzində hazırlanacaq, ilk qrant layihələri isə 2025-ci ilin yanvarından maliyyələşdiriləcək.

“Qrant proqramı haqqında müfəssəl məlumatı yaxın gələcəkdə sizinlə paylaşacağıq. Qrant layihələri gürcü xalqının maraqlarına uyğun olaraq müəyyən edilmiş tapşırıqları yerinə yetirmək üçün maliyyələşdiriləcək. Demokratik təsisatların gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, hibrid təhlükələrə qarşı mübarizə, məhdud imkanlı şəxslərə qayğı, ətraf mühit, etnik və dini azlıqların hüquq və mənafelərinin qorunması və s. bu tapşırıqlara daxildir. Yaxşı iş görən və gürcü xalqının mənafeyinə xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları vəsaitdən bir və ya iki dəfə çox vəsait alacaqlar”, - Baş nazir qeyd edib.

O, qrant proqramı çərçivəsində verilən və xərclənən hər bir qəpiyin ictimaiyyət üçün şəffaf olacağını bildirib.

“Cəmiyyətin daima müvafiq qeyri-hökumət təşkilatlarının fəaliyyətinin Gürcüstanın milli maraqlarına nə dərəcədə uyğun olduğunu yoxlamaq imkanı olacaq. Biz gürcü xalqının nüfuzunun agentinə çevrilmək və Gürcüstanın milli maraqlarını güdmək istəyən bütün qeyri-hökumət təşkilatlarını qrant proqramı çərçivəsində elan edilən müsabiqələrdə aktiv iştiraka çağırırıq”, - hökumət başçısı bildirib.

Siyasət rubrikasından digər xəbərlər