Rus milyonçuların qütb səfəri “sanksiya aysberqinə” çarpdı

08:30 08.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya biznes və əyləncə sənayesinin tanınmış simalarını Svalbard-a aparmağı planlaşdıran kruiz gəmisi ABŞ sanksiyaları səbəbindən son anda ləğv edilib. Lüks gəminin Fransanın ən varlı ailələrindən birinə məxsus olduğu bildirilir. “Financial Times”ın məlumatına görə, təşkilatçılar gəmini icarəyə götürməkdən imtina edən Fransanın Ponant şirkətinə qarşı 7 milyon avroluq iddia qaldırıblar.

Hafta.az-ın yazdığına görə, Dubayda yerləşən TRVL turizm agentliyi fransız milyarder Fransua-Henri Pinaultun sahibi olduğu və Ponant-ın bir hissəsi olan Le Commandant Charcot buzqıran gəmisini icarəyə götürmüşdü. İki həftəlik dəbdəbəli ekspedisiyanın 165 nəfəri, o cümlədən Rusiyanın tanınmış müğənniləri, televiziya aparıcıları, restorançılar, komediyaçılar və yüksək səviyyəli rəhbərləri qəbul etməsi planlaşdırılırdı. Sərnişinlərə səyahət boyu bir sıra dəbdəbəli xidmətlər, o cümlədən “Leninqrad” qrupunun canlı çıxışları, Mişelin ulduzlu aşpazların yeməkləri və qızdırılan hovuzda şampan verilməli idi. Ləğv edilməsinə səbəb ödənişin təyin edildiyi broker olub. TRVL ödənişi rusiyalı Yuri Quqninə məxsus Evita şirkəti vasitəsilə etməyi təklif edib. Fransızlar əvvəlcə brokeri yoxlayıb təsdiqləsə də, Gugnin-in iyunda ABŞ-da sanksiyaların pozulması və çirkli pulların yuyulması ittihamı ilə həbsi hər şeyi dəyişib. “Ponant” müqavilədəki sanksiyaların pozulması bəndini əsas gətirərək iyulun 2-də müqaviləni ləğv edib və TRVL-nin əvvəlki 5,5 milyon dollarlıq ödənişini geri qaytarmaqdan boyun qaçırıb.

TRVL ləğvin "fəlakətli" maliyyə itkilərinə səbəb olduğunu bildirib və iddianı sadəcə başlanğıc kimi qiymətləndirib. Hər kabin üçün 70-200 min dollar ödəmiş 165 sərnişinin də məhkəməyə müraciət etmək potensialı var.