Rusiyada 2,7 milyon pirat saytda türk serialları yayımlanır

11:45 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada türk seriallarına olan böyük maraq bir tərəfdən pirat yayımların sayını əhəmiyyətli dərəcədə artırıb, digər tərəfdən müəllif hüquqları ilə qorunan şirkətlər piratlığa qarşı mübarizəsini gücləndirib.

Hafta.az-ın “Vedomosti” qəzetinə istinadən yazdığına görə, 2023-cü ilin yanvar-iyun ayları arasında Rusiyada türk seriallarının pirat yayımını həyata keçirən təxminən 2,7 milyon internet saytı aşkarlanıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə, 2021-ci illə müqayisədə isə 27 dəfə çoxdur.

Pirat çap nəşrlərinin ümumi sayı isə 2022-ci ilin birinci yarısının sonundan 26,5 faiz azalaraq 19,7 milyon səhifəyə düşüb.

İnternet-video dərnəyinin baş meneceri Aleksey Birdin “Türk serialları uzun müddət Hollivud istehsalatları ilə rəqabət apara bilmədi, məzmun təminatçıları və telekanallar türk seriallarının yayım hüququnu almadılar. Buna görə də, Rusiyada seriallar demək olar ki, tamamilə pirat olaraq yayıldı. Ötən il Hollivud istehsalı azaldıqca, türk seriallarının yayım hüququna tələbat artdı” deyib.

Statistikaya görə, Rusiyada türk seriallarına baxanların 80 faizi gənc qadınlardır.