Rusiya Türkiyədə tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasının (NGS) maliyyələşdirilməsi üçün təbii qaza əsaslanan ödəniş mexanizmini təklif edib.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Moskva sanksiyalara görə sərhədlərarası pul köçürmələrində yaşanan problemlərə alternativ olaraq bu modeli gündəmə gətirib.
Rusiyanın təklifinə əsasən, “Akkuyu” AES-ni tikən dövlət şirkəti “Rosatom” stansiyanın tikintisinin dəyərinin bir hissəsini “Qazprom”a rublla ödəyəcək. “Qazprom” bu məbləği Türkiyənin aylıq təbii qaz idxalı hesabından tutacaq. Beləliklə, layihənin maliyyələşdirilməsi üçün ödəniş ənənəvi bank köçürmələri əvəzinə birbaşa enerji ticarəti vasitəsilə həyata keçiriləcək.
Akkuyu AES layihəsinə və ya “Rosatom” və “Qazprom” kimi şirkətlərə birbaşa sanksiyalar tətbiq edilməsə də, beynəlxalq banklar ABŞ-ın mümkün cəzalarına məruz qalmaqdan qorxduğundan Rusiyadan Türkiyəyə ödənişlərdə gecikmələr var.
Vaşinqton administrasiyası Rusiya ilə beynəlxalq əməliyyatları mürəkkəbləşdirən Rusiyanın müharibə iqtisadiyyatına dəstək verən üçüncü ölkənin maliyyə qurumlarını hədəf alacağını açıqlayıb.
Rusiyanın təklif etdiyi təbii qaz mübadiləsi sistemi həm Akkuyu AES-in maliyyələşdirmə prosesini sürətləndirmək, həm də Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığını dərinləşdirmək məqsədi daşıyır. Ancaq təklifin Türkiyə tərəfindən qəbul edilib-edilməyəcəyi hələlik bəlli deyil.