Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Qərbin Rusiyanın Ukraynada məğlubiyyətinə nail olmaq istəyi nüvə müharibəsinin təhrik edilməsi də daxil olmaqla, düzəlməz nəticələrə gətirib çıxara bilər. Bu barədə “İnterfaks” xəbər verir.
Ukraynaya yeni ağır silahların tədarükü ilə bağlı müzakirələrin planlaşdırıldığı Ramşteyn bazasında NATO ölkələrinin görüşü ərəfəsində Medvedev öz Telegram kanalında qeyd edib ki, Rusiyaya qalib gəlmək istəyən Qərb siyasətçiləri bunun hansı nəticələrə səbəb ola biləcəyini dərk etmirlər.
Onun sözlərinə görə, elementar nəticə belədir: “adi müharibədə nüvə gücünün itirilməsi nüvə müharibəsinin başlanmasına səbəb ola bilər”. “Nüvə gücləri taleyinin asılı olduğu böyük münaqişələri uduzmayıb. Amma bu, hər bir insana aydın olmalıdır”, - Medvedev bildirib.
Öz növbəsində prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Medvedevin bəyanatı Rusiyanın müdafiə doktrinasını dəyişmək niyyətində olması demək deyil.
“Xeyr, bu heç də o demək deyil. Bu, bizim nüvə doktrinamıza tam uyğundur. Nüvə doktrinasını oxuyun, orada heç bir ziddiyyət yoxdur”, - Peskov bildirib.