Çinin sentyabrın 15-dən etibarən Rusiya vətəndaşları üçün 30 günlük vizasız səyahət proqramını tətbiq edəcəyini bildirməsindən sonra Moskvadan bu ölkəyə aviabilet satışı bir gündə 60 faiz artıb. Yandex Travel-in məlumatlarına görə, təkcə aviabiletlərdə deyil, həm də otel sifarişlərində ciddi artım olub.
Hafta.az-ın yazdığına görə. Moskvadan yola düşən sərnişinlər tərəfindən Çində otel sifarişləri ümumi məbləğin 32 faizini təşkil edib və ümumilikdə 9 faiz artıb. Ekspertlər bu addımın Rusiyadan Çinə turizm axınını 30-40 faiz artıra biləcəyini proqnozlaşdırırlar.
Turoperatorlar vizasız gediş-gəlişin bazarda "tarixi dönüş nöqtəsi" olduğunu vurğulayaraq, Çinin rus turistlər arasında indi Türkiyə və Tailandla eyni populyarlıq səviyyəsinə çata biləcəyini bildirirlər.
Sentyabrın sonu üçün Şanxaya gediş-dönüş biletləri 37 min rubldan (410 dollar), Pekinə isə 32 min rubldan başlayır. Çində yerləşmə qiymətləri çox dəyişir: sərfəli otellər gecəlik 40 dollardan başlayır, lüks otellər isə 800 dollara qədər qalxa bilər. Ən sadə bir həftəlik tur paketinin qiyməti təxminən 160 min rubl (1800 dollar), daha geniş mədəniyyət turları isə iki nəfər üçün 400 min rubla (4500 dollar) başa gələ bilər.
Ödəniş variantları turistləri narahat edən əsas məsələdir. VTB prezidenti Andrey Kostin rusiyalı turistlərin Çində QR kodları və Mir kartları ilə ödəniş etməsinə icazə verilməsi üçün səylərin davam etdiyini açıqlayıb. Lakin hələlik ən etibarlı üsul nağd puldur: Çinə dollar və ya avro aparmaq və orada yuana dəyişmək tövsiyə olunur.