Şakira və oğulları “Barbie”yə nifrət edirlər

10:00 03.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir çox məşhurlar Qreta Qerviqin blokbaster filmi “Barbie”yə sevgisini ifadə edərkən, məşhur müğənni Şakira bu tərifəlayiq şərhlərlə razılaşmadığını açıqlayıb.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, yeni albomu “Las Mujeres Ya No Lloran” (Qadınlar Artıq Ağlamaz) ilə ürək ağrısından sonra güclənmə ilə məşğul olan kolumbiyalı pop ulduz, gözəllikdən bəhs edən Amerika qadın jurnalı “Allure”nin üz qabığını bəzəyib.

Jurnalın üz qabığı üçün müsahibə verən müğənniyə Oskar mükafatı qazandıran film haqqında fikirlərini soruşublar. Şakira bu suala səmimi cavab verib: "Oğullarım filmə nifrət edirdilər. Düşündülər ki, film onları ruhdan salır. Mən də onlarla müəyyən qədər razıyam".

"İki oğlan uşağı böyüdürəm. İstəyirəm ki, qadınlara hörmət etməklə yanaşı, özlərini güclü hiss etsinlər" deyən 47 yaşlı müğənni əlavə edib: "Populyar mədəniyyətin kişilərin kişi olma fürsətini əlindən almadan qadınları gücləndirməyə çalışmasını sevirəm”.

Şakira şərhinə aydınlıq gətirib və əlavə edib: "Qadınlara bütün alətləri və inamı verməyə inanıram ki, biz mahiyyətimizi, qadınlığımızı itirmədən hər şeyi edə bilərik. Məncə, kişilərin cəmiyyətdə bir məqsədi var, qadınların isə başqa”.

Müxbir Alfonso Tortolani, super ulduzun “Barbie” ilə bağlı fikirlərinin "Şakira Paradoksu"nun bir parçası olduğunu bildirib: “Qadınlar təcəssüm etdirmək və ya ifadə etmək istədikləri bütün gücə və seksuallığa layiqdirlər. Yenə də kişilərin kişi kimi davranmasını gözləmək onun feminizm anlayışına xəyanət deyil”.

Şakira “Barbie”ni sevməyənlər arasında olsa da, film böyük uğur qazanıb. 2023-cü ilin yayında ekranlara çıxan bu prodakşın, 1 milyard dollardan çox gəlir əldə edən və yalnız bir qadının çəkdiyi ilk film kimi tarixə düşüb.

“Barbie” həmçinin 8 Oskar mükafatına namizəd olub və Ən Yaxşı Orijinal Mahnı mükafatını qazanıb.

Qerviq “Barbie” üçün ssenarini Nuh Baumbaxla birlikdə yazıb.